XX əsrin ən böyük kəşflərindən biri olan İnternet dünyanın müxtəlif nöqtələrində yerləşən minlərlə kompüter şəbəkəsini birləşdirən ümumdünya kompüter-informasiya şəbəkəsidir. O dövlət sərhədləri bilməyən, coğrafi uzaqlıqdan asılı olmayaraq operativ və etibarlı informasiya mübadiləsini təmin edən böyük sürətlə yeniləşən virtual informasiya məkanı, rahat və əlverişli ünsiyyət vasitəsidir.
Internet kompüter-informasiya şəbəkəsinin yaradılması istiqamətində tədqiqatlara keçən əsrin 60-cı illərindən etibarən ABŞ-da və Böyük Britaniyada başlanmışdır. Ilk öncə olaraq
1962-ci ildə Massaçuset Texnologiya İnstitunun əməkdaşları S. Liklayder uzaq məsafədən kompüter əlaqəsinin yaradılması ideyasının,
1961-ci ildə isə L. Kleykrok paket kommutasiya nəzəriyyəsini irəli sürdülər.
1965-ci ildə L. Robert və T. Mervil Massaçuset və Kaliforniyada yerləşən iki TX-2 və Q-32 markalı kompüterlər arasında adi telefon rabitəsindən istifadə edərək əlaqə yaratdılar. Bu təcrübə kompüter şəbəkəsinin yaradılmasında telefon rabitəsindən istifadənin qeyri-effektivliyini və paket kommutasiya nəzəriyyəsinin üstünlüyünü aşkar etdi...