HTC şirkəti rəsmi olaraq HTC Exodus adlı kriptovalyuta smartfonunu təqdim etdi. Sözügedən smartfonun əsasında məlumatların desentrəlizə olunmuş saxlanma üsulu ilə blockchain texnologiyası durur. Texniki göstəricilər baxımından HTC Exodus 2018-ci ilin trendlərinə uyan flaqman smartfondur. Lakin şirkət bu smartfonda əsas diqqətini təhlükəsizliyə və rəqəmsal pulların cihazda mümkün saxlanmasına ayırır. Bundan əlavə olaraq HTC Exodus-u həmçinin virtual valyuta (kriptovalyuta) ilə almaq da mümkündür. HTC Exodus-da TrustZone adlı ARM prosessordan istifadə edilir. Bu prosessor isə öz növbəsində kriptoaçarların saxlanması üçün nəzərdə tutulub. Burdan da belə nəticəyə gəlmək olar ki, sözügedən cihazda kriptovalyutanı saxlamaq, elektron portmanat tətbiqinə sahib digər cihazlarda saxlamaqdan daha etibarlıdır.
Bundan əlavə olaraq smartfonun həm hardware həmdə software səviyyəsində blockchain texnologiyasının dəstəklənməsi cihazın mərkəzi prosessoruna olan yüklənməni aşağı salır. Beləliklə smartfon daha uzun müddət çalışa bilir. Şirkət etiraf edib ki, TrustZone prosessoru heç də sistem boşluqlarından məhrum deyil və smartfonun hack olunması mümkündür. Lakin bununla belə HTC Exodus kriptovalyuta sahəsində hal hazırda ən yaxşı məhsullardan biridir. HTC şirkəti həmçinin smartfonun sıradan çıxması, itməsi və oğurlanması məsələlərinə də çox maraqlı tərzdə yanaşıb. Belə hallar üçün smartfonda rəqəmsal açarların sosial bərpası funksiyası yaradılıb. Bu xüsusi funksiya şifrələyici açarları istifadəçənin güvəndiyi 3-5 nəfər insan arasında bölüşdürür.
Əsas texniki göstəricilərə gəldikdə isə HTC Exodus 6 inç QHD+ keyfiyyətli ekran, 8 nüvəli Snapdragon 845 prosessoru, 6 GB RAM, 128 GB daxili yaddaş, 16 MP-lik arxa kamera, 8 MP-lik ön kamera və 3500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Şirkət smartfonun ön panelini göstərməyib. Onun arxa paneli isə şəffaf dizayna sahibdir və beləliklə smartfonun daxilindəki texniki komponentləri görmək olar. HTC Exodus-u artıq şirkətin rəsmi saytında 0.15 BTC (bitcoin) və ya 4.78 ETH (ethereum) qiymətində ön sifariş etmək olar. Hal hazırki məzənnə ilə bu, 950$ təşkil edir. Smartfonun satışlarına isə bu ilin Dekabr ayında start veriləcək.