Xiaomi şirkəti özünün Black Shark adlı subbrendi çərçivəsində Black Shark Helo adlı yeni gamer smartfon modelini təqdim etdi. Bu ilin Aprel ayında təqdim olunmuş Black Shark modelindən fərqli olaraq Black Shark Helo bir sıra yeni funksiyaları əldə edib. İlk modeldən Black Shark Helo həm xarici görünüşcə həmdə texniki göstəricilər baxımından fərqlənir. Bundan əlavə olaraq Black Shark Helo dünyanın ilk smartfon modelidir ki, 10 GB RAM-a sahibdir. Əvvəlki model ilə müqayisədə Black Shark Helo öz korpusunun formasını dəyişilməz olaraq saxlasa da onun arxa paneli bəzi dəyişikliklərə məruz qalıb. Belə ki, istifadəçinin öz əlində smartfonu yaxşı və rahat saxlaması üçün yeni modelin arxa panelindəki çıxıntı hissələr aradan qaldırılıb.
Smartfonun ekranı 5.99 inç-dən 6.01 inç-ə kimi yüksəlib. Ekranın matrisası isə IPS-dən AMOLED-ə dəyişilib. Bundan əlavə olaraq smartfon ekranı həmçinin HDR dəstəyini də əldə edib. Ön panelin yuxarı və aşağı hissələrində stereo səsgücləndiriclər yerləşirlər. Dizayn dəyişikliyi siyahısında həmçinin smartfonun kənarlarında olan diod işıqlı zolaqları da qeyd etmək olar. Həmin işıqların rənglərini xüsusi tətbiq vasitəsilə dəyişmək mümkündür. Black Shark Helo modelində gamerlər üçün olan bir çox faydalı funksiyalar nəzərə alınıb. Məsələn smartfonun sol kənarındakı xüsusi düymə vasitəsilə bütün oyunlara, nailiyyətlərə və statistikaya sürətli keçidi reallaşdıran Shark Space menyusunu işə salmaq olar. Gamer Studio tətbiqində isə smartfonun performans göstəricisini, idarəetməni, oyun prosesinin canlı yayımını və oyun oynayarkən smartfona gələn bildirişləri məhdudlaşdırmağı ayarlamaq olar.
Bundan əlavə olaraq smartfona Shark Time adlı yeni funksiya da əlavə olunub. Həmin funksiya süni zəka texnologiyası vasitəsilə ən maraqlı oyun anlarını yazır. Smartfon həmçinin təkmilləşdirilmiş maye soyuducu sistemə də sahibdir. Onun vasitəsilə mərkəzi prosessora olan yüklənməni 12 dərəcə aşağı salmaq olar. Smartfon üçün həmdə qoşula bilən xüsusi gamepad da yaradılıb. Onu smartfona qoşandan sonra artıq sensorlu ekrandan istifadə etməyə ehtiyac qalmır. Belə ki, oyundakı bütün idarəetmə prosesi gamepad vasitəsilə reallaşdırılır.
Əsas texniki göstəricilərə gəldikdə isə Black Shark Helo 8 nüvəli Snapdragon 845 prosessoru, 6/8/10 GB RAM, 128/256 GB daxili yaddaş, 12 MP (f/1.75 diafraqmalı) + 20 MP (f/1.75 diafraqmalı) ikili arxa kamera, f/2.2 diafraqmalı 20 MP-lik ön kamera və sürətli enerji yığma özəllikli 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Black Shark Helo-nu artıq Çində ön sifariş etmək olar. Beləliklə 6 GB RAM və 128 GB daxili yaddaşa sahib versiya 460$, 8 GB RAM və 128 GB daxili yaddaşa sahib versiya 505$, 10 GB RAM və 256 GB daxili yaddaşa sahib versiya isə 605$ qiymətinə satılacaq.