Samsung şirkəti hələ bu ilin əvvəlində özünün ilk əyilə bilən smartfon modelini təqdim etməyi söz vermişdi. Həmin vaxtdan bəri smartfon barəsində çoxlu məlumat sızıntıları olmuşdu. Nəhayət bugün keçirilmiş Samsung Developer Conference tədbirində şirkət rəsmi olaraq özünün ilk əyilə bilən smartfonunu təqdim etdi. Lakin təqdim olunmuş model heç də tam versiya deyil. Şirkət sadəcə olaraq smartfonun prototipini təqdim edib. Çox güman ki, smartfonun tam təqdimatı gələn il baş tutacaq.
Beləliklə smartfonda olan elastiki ekran texnologiyası Infinity Flex Display adlanır. Onun sayəsində istifadəçi tam böyük ekran yarada və nəticədə onu əyə bilir. Beləliklə bu, 7.3 inç ekrana sahib kompakt planşet xarakterini daşıyan cihazdır. İstifadəçi isə istənilən zaman onu smartfon formatına çevirə bilər. Bununla yanaşı zənglər və yazışmalar kimi standart funksiyalar üçün cihazın xarici hissəsində həmdə kiçik ikinci ekran yerləşir.
Bu cür cihazda əməliyyat sisteminin düzgün optimizasiya olunması üçün Samsung-a Google şirkəti köməklik edir. Bunun sayəsində şirkətin əyilə bilən smartfonunda bir anda 3 tətbiqdən istifadə etmək mümkün olacaq. Qeyd etmək lazımdır ki, təqdimat zamanı smartfonun adı bildirilməyib. Samsung sadəcə olaraq əyilə bilən ekran texnologiyasını sərgiləmək istəyirdi. Bununla yanaşı şirkət cihazın tam təqdimatının nə zaman keçiriləcəyini, onun qiymətini və satış tarixini belə açıqlamayıb.
Müəyyən mənada şirkət əvvəlcədən verdiyi sözü tutdu. O, özünün əyilə bilən smartfon modelini təqdim etdi. İndi isə sadəcə olaraq onun Galaxy X və ya Galaxy F adı ilə tam versiyada təqdimatını gözləmək qalır. Bəzi məlumatlara əsasən təqdimat gələn ilin Yanvar ayında keçiriləcək CES 2019 sərgisində baş tuta bilər.