İtirilmiş 1.3 milyard dollar: Whatsapp yaradıcılarının Facebook'dan getmələrinin səbəbi nə oldu?



    Whatsapp messencerinin təsisçiləri Jan KoumBrian Acton Facebook şirkətindən gedərək ümumilikdə 1.3 milyard dollarlıq mükafatdan məhrum oldular. Onlar bu ilin Noyabr ayına kimi şirkətdə qalsaydllar həmin məbləği əldə edə biləcəkdilər. Bu barədə The Wall Street Journal saytı xəbər verib. Söhbət onların Noyabrda bitəcək müqavilələrin qarşılığında veriləcək səhmlərdən gedir. Brian Acton şirkətdən 2017-ci ilin Sentyabr ayında getdi və məlumata əsasən 900 milyon dollar itirdi. Jan Koum isə şirkəti keçən ay tərk etdi və məlumata əsasən 400 milyon dollar itirdi.


    The Wall Street Journal saytının jurnalistləri həmçinin messencer təsisçilərinin şirkətdən hansı səbəbə ayrıldıqlarını da öyrəniblər. Belə ki, onlar ilə Facebook rəhbərliyi arasında messencerin gəlir strategiyası və istifadəçi məlumatlarının istifadəsi mövzularında fikir ayrılıqları baş verib. Qeyd etmək lazımdır ki, Brian Acton və Jan Koum həmişə reklamın qəti düşmənləri olublar və onlar həmişə istifadəçi məlumatlarının toxunulmazlığını dəstəkləyiblər. Facebook isə 2014-cü ildə messencerin alınması üçün xərclənmiş 22 milyard dolların bəhrəsini görmək üçün messencerin istifadəçi kütləsi üzərindən gəlir əldə etmək yollarını axtarırdı. 2004-cü ildə istifadəyə verildiyi vaxtdan bəri sosial şəbəkə reklam targetinqi üçün istifadəçi məlumatlarından istifadə edir. Hal hazırda isə Facebook əsas gəlirinin 90%-dən çoxunu məhz reklamlar sayəsində əldə edir.

    2014-cü ildə Facebook şirkətinin CEO-su Mark Zuckerberg messencerin yaradıcılarına söz vermişdi ki, şirkət messencerə reklam yerləşdirməyi planlaşdırmır. Bununla yanaşı messencerin yaradıcılarının müqavilələrində xüsusi bir hissə var idi. Müqavilədəki həmin xüsusi hissədə deyilirdi ki, əgər Facebook gəlir barəsində əlavə imkanların işə salınması barədə qəti fikrini bildirsə Koum və Acton şirkətdən gedə və bununla yanaşı vaxtından əvvəl onlar üçün nəzərdə tutulmuş Facebook səhmlərini əldə edə bilərlər. Brian Acton şirkətdən çıxandan sonra bu hüququndan istifadə etmək istəyirdi. Lakin o öz fikrindən daşındı. Belə ki, Facebook hüquqi təhqiqatlara start verəcəyini bildirmişdi. 2016-cı ildə messencerin aylıq istifadəçi kütləsi 1 milyardı keçəndən sonra Facebook Whatsapp-ın gəlir gətirmə strategiyasına yenidən baxdı.


    Nəticədə Facebook strukturlarına təzyiq artırdı. Əsas da Whatsapp üzərinə. Belə ki, Oculus VR, LiveRailParse kimi layihələr gəlir baxımından şirkətin ümidlərini doğrultmamışdılar. Təzyiqlərə cavab kimi isə Koum və Acton Whatsapp vasitəsilə gəlirin yüksəldilməsi üçün daha sadə üsullar təklif edirdilər. Məsələn reklamverənlərin yalnız onların məhsullarını və ya xidmətlərini əldə etmiş istifadəçilər ilə əlaqə yaradılması imkanını vermək. Lakin onların təklif etdikləri heç bir üsul Facebook-un reklam modeli kimi effektiv deyildi. Şirkətin əməliyyatlar üzrə direktoru Sheryl Sandberg messencerin təsisçilərinin bu cür təkliflərini lazımi səviyyədə hesab etmirdi və o, messencerdə reklamın olmasını istəyirdi.

    Facebook menecmentini həmdə o fakt qıcıqlandırırdı ki, messencerin yaradıcıları Whatsapp-ın sürətli şəkildə gəlirli olmasında yardımçı olacaq yeni funksiyaların əlavə olunması barədə qərarlarını uzadırdılar. Koum və Acton messencerin ilkin sadəliyini qoruyub saxlamaq istəyirdilər. Facebook ilə Whatsapp arasında digər fikir ayrılıqları da olub. Keçən ilin Yanvar ayında messencerin 200 nəfərdən ibarət komandası Mauntin-Vyudan Facebook-un Menlo-Parkdakı əsas ofisinə köçdü. Messencerin bəzi komanda üzvlərini Facebook-un səs-küylü kampusu qıcıqlandırırdı. Onlar hətta öz ofislərinə sakitçiliyin riayət olunmasına dair mesajı əks etdirən lövhələr də yapışdırmışdılar: “Çox xahiş edirik, minimal səs səviyyəsinə riayət edin”.


    Bundan sonra Facebook əməkdaşları messencer barəsində belə bir zarafat da fikirləşdilər: “Welcome to Whatsapp – Shut Up”. Bir sıra Facebook əməkdaşları Whatsapp komandasının köçməsi ilə bağlı narazı idilər. Belə ki, Mauntin-Vyudan köçürülmüş Whatsapp-ın ofis stolları onların xoşlarına gəlmirdi. Çünki həmin stollar Facebook-un ofislərində yerləşən standart stollardan daha böyük idilər. Bununla yanaşı Whatsapp-ın danışıq otaqlarından Facebook əməkdaşları istifadə edə bilməzdilər. Həmin otaqlardan istifadə onlar üçün qadağan idi. Messencerin yaradıcılarının şirkətdən getmələrindən sonra Whatsapp üzərində idarəetmə şirkətin top-menecerlərindən biri olan Chris Daniels-ə keçdi. Məlumata əsasən o, messencerin alınması üçün xərclənmiş yüksək qiymət göstəricisini təmin etmək baxımından yeni biznes model fikirləşməlidir.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar
Valorant cheat