Məşhur Toyota avtomobil şirkəti Uber taksi servisinə 500 milyon dollar dəyərində investisiya yatıracaq. Bu barədə The Wall Street Journal saytı xəbər verib. Sözügedən müqavilə çərçivəsində hər iki şirkət pilotsuz avtomobillərin hazırlanması və istehsalı ilə məşğul olacaq ortaq şöbə yaradacaq. Uber şirkəti pilotsuz avtomobillərin yaradılmasına hər 3 aydan bir 200 milyon dollar dəyərində vəsait xərcləyir. İndi isə şirkət bu xərclərin azaldılması üzrə yollar axtarır. Toyota şirkəti ilə əməkdaşlıq isə bunun üçün ən ideal çıxış yoludur.
Uber və Toyota şirkətlərinin təmsilçiləri sözügedən müqavilə barəsindəki xəbər üzrə hansısa fikrin bildirilməsindən imtina ediblər. Qeyd etmək lazımdır ki, bu investisiyanın ediləcəyi təqdirdə Uber şirkətinin bazar dəyəri 72 milyard dollar təşkil edəcək. Bu ilin Mart ayında Uber şirkətinin pilotsuz avtomobili nəticəsində baş vermiş yol qəzasında bir piyada həyatını itirmişdi. Həmin hadisədən sonra Uber bir müddətlik pilotsuz avtomobillərin test edilməsi prosesini dayandırmışdı. Lakin indi şirkət pilotsuz avtomobillərin test mərhələsinə yenidən start verib.