Apple şirkətinin flaqman smartfonunun məşhurluğunun pik nöqtəsi geridə qaldı. Hal hazırda dünyada ən çox satılan smartfon adına Galaxy S9 Plus modeli layiq görülüb. Bu barədə Counterpoint Research şirkəti xəbər verib. Qeyd etmək lazımdır ki, Galaxy S9 Plus bu ilin yaz fəslində satışa çıxıb. Əslində ən çox satılan smartfon modellərinin yerlərinin dəyişməsi normal haldır. Çünki iPhone X 6 aydan çox bir müddətdə satışdadır.
iPhone X hələ Aprel ayında ən çox satılan smartfon idi və dünya smartfon bazarının 2.3%-ni əhatə edirdi. Bir çoxları tərəfindən uğursuzluğa düçar olacağı düşünülən bir smartfon üçün heç də pis bir nəticə deyil. iPhone 8 Plus modeli də iPhone X ilə eyni səviyyədə gedir və o da dünya smartfon bazarının 2.3%-ni əhatə edir. Adi iPhone 8 modeli onlardan geri qalmır və bazarın 2.2%-ni əhatə edir. Bununla belə Apple şirkətinin 3 smartfon modeli Galaxy S9 və Galaxy S9 Plus smartfonlarından geridə qalır. Belə ki, Samsung şirkətinin smartfonları dünya smartfon bazarının 2.6%-ni əhatə edir.
“Apple şirkətinin satışları aşağı düşür, lakin bu, şirkətin səhvləri ucbatından deyil. Sadəcə olaraq məsələ sezondadır. Yeni smartfon modelləri yaxınlaşır və buna görə də istifadəçilər hal hazırda satılan modellərə öz maraqlarını itirirlər. Buna baxmayaraq Apple şirkəti smartfon bazarındakı hegemonluğunu hələ də qoruyub saxlayır” – deyə analitiklər bildiriblıər.