Samsung şirkətinin Galaxy S10 və əyilə bilən smartfon modeli Galaxy F barəsində son zamanlar sızdırılan məlumatların fonunda yaddan çıxartmaq lazım deyil ki, şirkət həmçinin gələn il Galaxy Note 10 modelini də təqdim edəcək. Bir neçə müddət bundan öncə əldə olunmuş məlumatlardan məlum oldu ki, smartfon 6.66 inç ekranla təchiz olunacaq. Beləliklə Galaxy Note 10 modeli iPhone XS Max ilə rəqabət apara biləcək. Məlumata əsasən Galaxy Note 10-nun ekranı tamamilə çərçivəsiz olacaq. Yəni onda heç bir kənar çərçivə və ya ekran üzərində çıxıntı hissə olmayacaq.
Bununla yanaşı məlumatda qeyd olunub ki, smartfonun ekranı HDR və 4K dəstəyini də əldə edəcək. Nəzərə alsaq ki, smartfonun təqdimat tarixinə kimi böyük ehtimalla 5G şəbəkəsi bir çox yerlərdə istifadəyə veriləcək, deməli Galaxy Note 10 da 5G texnologiyasını dəstəkləyəcək və ola bilsin üçlü arxa kamera ilə təchiz olunacaq. Bununla yanaşı smartfonda yenilənmiş S Pen stilusunu gözləməyə ehtiyac yoxdur. Bütün bu göstəricilər ilə smartfonun qiyməti çətin ki, 1000$-dan aşağı olsun. Şirkət ənənəvi olaraq Galaxy Note seriyasının yeni modelini gələn ilin Avqust ayında təqdim edəcək.