iPhone SE 2 modelinin aqibəti artıq uzun zamandır ki, qeyri-müəyyənlik içərisindədir. Bir çoxları kompakt iPhone SE modelinin yeni versiyasını gözləyir, lakin indiyənə kimi smartfon barəsində olmuş şayiələr aksessuar istehsalçıları tərəfindən təqdim olunurdu. Həmin mənbələr təsdiq edirdilər ki, iPhone SE 2 mütləq işıq üzü görəcək. Smartfonlar üçün keys istehsalı ilə məşğul olan Olixar brendi isə hətta smartfonun internetdə yayılmış çertyojları əsasında iPhone SE 2 üçün aksessuar istehsalına da başlamışdı. Lakin indi məlum olub ki, şirkət aksessuar istehsalını dayandırıb.
Olixar şirkətinin mənbələrinə əsasən iPhone SE 2 bu il satışa çıxmayacaq. Belə ki, Apple şirkəti öz diqqətini iPhone X tərzində daha böyük modellərə yönəldəcək. Daha pessimist proqnozlara əsasən isə iPhone SE 2 ümumiyyətlə heç vaxt işıq üzü görməyəcək. Belə ki, ekran üzərində çıxıntının olub-olmamasına baxmayaraq kompakt smartfon modelləri hal hazırda bazarda o qədər də aktual deyillər. Məlumata əsasən Olixar şirkəti keçən ay iPhone SE 2-nin bu il satışa çıxacağına o qədər əmin idi ki, aksessuar istehsalına start vermişdi. Lakin indi şirkət öz mənbələrindən iPhone SE 2-nin ləğv edilməsi məlumatını aldıqdan sonra o, aksessuar istehsalını dayandırdı.