12 Sentyabr tarixində Apple şirkəti iPhone Xs, Xs Max və Xr smartfon modellərini təqdim etmişdi. Sözügedən smartfonlar hələ satışa çıxmayıblar. Lakin internetdə artıq iPhone Xs modelinin hissələrə ayrılması barəsində ilk video yayılıb. FixjeiPhone adlı YouTube kanalının müəllifləri iPhone Xs modelini hissələrə ayıraraq onun əsas özəlliklərini araşdırıblar.
Beləliklə məlum olub ki, smartfonun ekranını korpusdan ayırmaq daha da çətinləşib. Belə ki, smartfonun yığılmasında çoxlu miqdarda kleydən istifadə olunub. Böyük miqdarda kleydən istifadənin əsas səbəbi isə iPhone Xs-in IP68 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahib olmasıdır.
Qeyd etmək lazımdır ki, iPhone X IP67 standartı üzrə sudan və tozdan qorunma özəlliyini özündə birləşdirir. Apple şirkətinin verdiyi məlumata əsasən iPhone Xs 1.5 metr su dərinliyində 30 dəqiqəyə kimi qala bilər. iPhone Xs-i keçən ilki iPhone-dan fərqləndirən daha bir özəllik isə batareya həcmindədir. Belə ki, yeni model 2658 mAh enerji tutumlu batareya ilə təchiz olunub.
Keçən ilki iPhone X isə 2716 mAh enerji tutumlu batareyaya sahibdir. Bununla yanaşı Apple qeyd edir ki, iPhone Xs modeli iPhone X-dən 30 dəqiqə daha çox çalışa bilir. Çox güman ki, bu, A12 Bionic prosessorunun imkanları sayəsində mümkün olub. Bundan əlavə olaraq iPhone X-in L şəkilli batareyası iki blokdan ibarət idisə, iPhone Xs modelinin L şəkilli batareyası tam şəkildə istehsal olunur. Qalan bütün komponentlərə görə isə iPhone Xs keçən ilki iPhone X-dən çox az fərqlənir. Qeyd etmək lazımdır ki, iPhone Xs ilə Xs Max modellərinin satışlarına sabah start veriləcək.