Yeni sızdırılmış məlumatlara əsasən təqdim olunması gözlənilən yeni Huawei Mate seriyası 3 smartfon modelindən ibarət olacaq. Yeni smartfonlar barəsində məlumatlar əməliyyat sisteminin yenilənmiş versiyasında aşkar edilib. Belə ki, XDA-developers mənbəsinin istifadəçilərindən biri əməliyyat sistemi yenilənməsinin test versiyasını əldə edib. Onun daxilində isə yeni Mate seriyası barəsində məlumatlar aşkar edilib. Beləliklə əldə olunmuş məlumatlara əsasən yeni Mate seriyası Mate 20, Mate 20 Pro və Mate 20 Lite adlı smartfonlardan ibarət olacaq.
@FunkyHuawei adlı mənbənin verdiyi məlumata əsasən Mate 20 smartfonu yeni Kirin 980 flaqman prosessoru əsasında çalışacaq ilk smartfon olacaq. Kirin 970 prosessorundan fərqli olaraq yeni prosessor 20% daha güclü olacaq və enerji sərfiyyatı baxımından 40% daha effektiv olacaq. Bundan əlavə olaraq Mate 20 6.3 inç AMOLED ekran, Mate 20 Pro isə 6.9 inç AMOLED ekranla təchiz olunacaq. Həmçinin Mate 20 4200mAh enerji tutumlu batareyaya da sahib olacaq. Məlumatda üstəlik 6 GB RAM və 128 GB daxili yaddaşdan da söhbət gedir.
Məlumatda həmçinin qeyd olunub ki, Mate 20 modeli naqilsiz şarj texnologiyasını dəstəkləyəcək. Bu isə o deməkdir ki, onun korpusu böyük ehtimalla şüşədən olacaq. Maraqlısı ondadır ki, məlumatların əks olunduğu əməliyyat sistemi yenilənməsinin test versiyası Android P əsasında yığılıb. Bu o deməkdir ki, Huawei şirkətinin yeni smartfon modelləri Google şirkətinin yeni əməliyyat sistemi əsasında çalışacaqlar. Nəzərə alsaq ki, Huawei öz smartfonlarına EMUI interfeysini yerləşdirir, bu interfeysin yeni versiyası EMUI 9.0 olmalıdır. Beləliklə Mate 20 və Mate 20 Pro modellərinin təqdimatı bu ilin Oktyabr ayında gözlənilir.