Məşhur insayder Roland Quandt Huawei Mate 20 Pro flaqman modelinin iki yeni fotosunu paylaşıb. Fotolardan da görmək olar ki, smartfon kənarları əyilmiş və üzərində çıxıntı hissə olan genişformatlı ekran ilə təchiz olunub. Çıxıntı hissədə isə ön kamera, ötürücülər və danışıq üçün nəzərdə tutulmuş səsgücləndiricilər var. Bundan əlavə olaraq smartfonun kənar hissəsində cihazı aktiv və deaktiv etmək üçün qırmızı düymə də yerləşir. Bu özəllik çox güman ki, yalnız Pro versiyanın fərqləndirici hissəsi olacaq.
Son məlumatlara əsasən Mate 20 Pro modeli 6.25 inç QHD+ keyfiyyətli OLED ekranla təchiz olunacaq. Barmaq izi skanı texnologiyası isə birbaşa ekrana inteqrasiya olunacaq. Çox güman ki, smartfon 8 nüvəli Kirin 980 prosessoruna və 8 GB RAM-a sahib olacaq. Bununla yanaşı smartfonun 3 arxa kameraya sahib olacağı gözlənilir. Mate 20 Pro modeli EMUI 9 interfeysli Android 9.0 Pie əməliyyat sistemi vasitəsilə çalışacaq. Smartfonun təqdimatı 16 Oktyabr tarixində Londonda baş tutacaq.