Məşhur insayder Roland Quandt OnePlus 6T smartfonunun ilk rəsmi render fotosunu və loqosunu paylaşıb. Paylaşılmış fotodan da görmək olar ki, OnePlus 6 kimi OnePlus 6T də şüşədən hazırlanmış korpusa sahib olacaq. Bundan əlavə olaraq smartfon ikili arxa kamera ilə təchiz olunacaq. Əvvəlki məlumatlarda qeyd olunurdu ki, smartfon 3 arxa kameraya sahib olacaq. Lakin görünür, şirkət bu fikirdən imtina edib. Roland Quandt-ın sözlərinə görə barmaq izi skanı texnologiyası yeni smartfonda birbaşa ekrana inteqrasiya olunacaq. OnePlus 6-da bu texnologiya smartfonun arxa panelində yerləşirdi.
Güman olunur ki, OnePlus 6T 2340x1080 piksel keyfiyyətli 6.4 inç AMOLED ekranla təchiz olunacaq və ekranın üzərində V şəkilli çıxıntı hissə olacaq. Əsas texniki göstəricilərə gəldikdə isə çox güman ki, smartfon Snapdragon 845 prosessoru, 6/8 GB RAM, 64/128/256 GB daxili yaddaş və 3500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Təəssüflər olsun ki, OnePlus 6T ənənəvi 3.5 mm-lik audiogirişdən məhrum olacaq. Smartfon artıq gələn ayın əvvəlində təqdim olunmalıdır. Bəzi məlumatlara əsasən onun qiyməti 569$ təşkil edəcək.