GoPro şirkəti yeni Hero 7 action kamera seriyasını təqdim etdi (VİDEO)



    GoPro şirkəti özünün Hero adlı action kamera seriyasının yeni versiyalarını təqdim etdi. Yenilənmiş GoPro Hero 7 action kamera seriyasına Black, SilverWhite modelləri daxildir. Xarici görünüşcə GoPro Hero 7 Black flaqman modeli əvvəlki versiyadan heç də fərqlənmir. Üstəlik əvvəlki texniki göstəricilər də öz yerlərində qalıblar. Hero 7 Black 12 MP-lik kamera və GP1 çipi ilə təchiz olunub. Lakin RAM gücünün artması hesabına kameranın imkanları bir qədər genişləndirilib. Belə ki, kamerada olan xüsusi ötürücülər vasitəsilə prosessor kameranın hərəkət vektorunu təyin edərək yeni HyperSmooth adlı stabilizasiya sisteminin köməyi ilə hətta ən güclü əsmələri belə aradan qaldırır.


    HyperSmooth stabilizasiya sistemi sayəsində istifadəçi kamera üçün artıq əlavə stabilizasiya cihazını almalı olmayacaq. Lakin bir mənfi cəhət ondan ibarətdir ki, bu sistem rəqəmsal olduğundan istifadə vaxtı piksellərin müəyyən bir hissəsi “yeyilir”. Buna görə də nəticə etibarilə alınan video bir qədər keyfiyyətcə aşağı olur. Bundan əlavə olaraq GoPro Hero 7 Black modeli saniyədə 60 kadr sürətlə 4K, saniyədə 120 kadr sürətlə 2.7K və saniyədə 240 kadr sürətlə Full HD keyfiyyətlərində videolar çəkə bilir. Əlavə olaraq flaqman model TimeWarp adlı funksiyaya da sahibdir. Bu funksiya sayəsində istifadəçi uzun videoları sürətləndirə bilər.


    Əvvəlki model kimi yeni Hero 7 Black modelində həmçinin səsli idarəetmə sistemi, Wi-Fi GPS ötürücü var. Hero 7 Black-in digər modellərdən fərqləndirən əsas üstünlüyü ondan ibarətdir ki, onun vasitəsilə Facebook, YouTube, Twitch və s. servislərdə canlı yayım etmək olar. Yeni modelin 2 inç-lik sensorlu ekranında idarəetmə smartfonlardakı idarəetməni xatırladır. Bir dəfə şarj olunandan sonra Hero 7 Black modeli 2 saat çalışa bilir. Kameranın korpus ölçüləri əvvəlki model ilə eynidir. Buna görə də Hero 6 Black-də istifadə olunan bütün aksessuarları həmçinin Hero 7 Black-də də istifadə etmək olar.



    GoPro Hero 7 Silver isə 10 MP-lik kamera ilə təchiz olunub. O, saniyədə 30 kadr sürətlə 4K video çəkimi və HDR funksiyasını dəstəkləyir. Bu modeldə də rəqəmsal stabilizasiyadan istifadə olunur. Lakin Silver modeldəki rəqəmsal stabilizasiya Hero 7 Black-dəki kimi təkmilləşdirilmiş deyil. Belə ki, Hero 7 Silver tamamilə başqa çip ilə təchiz olunub. Ən sadə versiya olan Hero 7 White saniyədə 60 kadr sürətlə Full HD videolar çəkə bilir. Hər 3 modelin korpusları 10 metr su dərinliyinə kimi enişə dözə bilir. Hər 3 kamera modeli 27 Sentyabr tarixindən satışa çıxacaq. Beləliklə ABŞ-da Hero 7 Black modeli 400$, Hero 7 Silver modeli 300$, Hero 7 White modeli isə 200$ qiymətinə satılacaq. Avropada qiymətlər 440 avro, 330 avro və 220 avro təşkil edəcək.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar