Facebook şirkəti artıq öz smart ekranlarının təqdimatını təxirə salmaqdan imtina edərək 2 model smart ekranı təqdim etdi. Onlar Portal və Portal+ adlanırlar. Şirkət təqdim olunmuş smart ekranlarda əsas üstünlüyü videoçatlara verir. Buna görə də smart ekranlar 140 dərəcəlik obyektivə sahib 12 MP-lik kamera ilə təchiz olunublar. Smart ekranlarda olan süni zəka sistemi isə istifadəçinin hərəkətini təyin edərək əks olunan təsviri ona görə optimizasiya edəcək. Beləliklə istifadəçinin üzü həmişə kadrda qalacaq. Əgər otağa ikinci bir şəxs daxil olarsa Portal avtomatik olaraq təsviri daha böyük bucaqda əks etdirəcək. Beləliklə kadrda 2 nəfər rahatlıqla görünə biləcək.
Bundan əlavə olaraq smart ekranlarda AR effektlər və Story Time rejimi də var. Story Time rejimində istifadəçi hər hansı bir nağılı danışan zaman onun üzü həmin nağılın baş qəhrəmanlarının üzlərinə çevrilir. Kiminləsə videoçata başlamaq üçün smart ekrana “Hey, Portal” deyərək kontaktlardan lazımi şəxsin adını söyləmək kifayət edir. Bu funksiya hələki ingilis dilində çalışır. Bununla yanaşı Portal ilə birlikdə nəinki digər Portal cihazına sahib olan insanlara, hətta Messenger istifadəçilərinə də zəng etmək olar. Smart ekranın önündə və arxasında olan iki səsgücləndirici vasitəsilə videozəng zamanı istifadəçilər bir-birilərini daha yaxşı eşidə bilərlər. Bundan əlavə olaraq 4 səsgücləndirici sayəsində ətrafdakı əlavə səs-küy də ortadan qaldırılır.
Standart model olan Facebook Portal xarici görünüşcə Echo Show ağıllı səsgücləndiricisinə bənzəyir. O, 1280x800 piksel keyfiyyətli 10 inç ekranla təchiz olunub. Portal+ modeli isə 1920x1080 piksel keyfiyyətli 15.6 inç Full HD ekrana sahibdir. Bundan əlavə olaraq Portal+ modelinin ekranını şaquli vəziyyətdən üfüqi vəziyyətə və ya əksinə çevirmək olur. Facebook öz səsli köməkçisini hələki yaratmadığı üçün smart ekranlarda digər səsli əmrlər üçün Amazon Alexa dəstəyi var. Bundan əlavə olaraq smart ekranlar Spotify, Pandora və iHeartRadio servisləri ilə də inteqrasiya olunub. Beləliklə istifadəçilər rahatlıqla musiqilər dinləyə biləcəklər. Həmçinin bu smart ekranlar vasitəsilə Facebook Watch, Food Network və Newsy servisləri üzərindən videolara da baxmaq olar.
Smart ekranlarda brauzer olmadığından istifadəçilər YouTube-dan istifadə edə bilməyəcəklər. Messenger və Whatsapp-da olan mesajlara da baxmaq qeyri-mümkündür. Bu il ərzində Facebook istifdəçilərinin iki dəfə məlumat sızıntıları qalmaqalından sonra şirkət başa düşür ki, istifadəçilər öz evlərində onları dinləyən smart ekrana bir qədər şübhə ilə yanaşa bilərlər. Buna görə də şirkət bildirib ki, smart ekranlar heç bir halda istifadəçilərin danışıqlarını qeydə almır, süni zəka üzərindən edilən bütün əməliyyatlar isə lokal şəkildə reallaşdırılır. Hər iki smart ekran modeli kamera ilə mikrofonların deaktiv olunma funksiyasına sahibdir. Bununla yanaşı istifadəçi istənilən an Facebook ayarları vasitəsilə səsli əmrlərin tarixçəsini silə bilər. Beləliklə Portal modeli 199$, Portal+ isə 350$ qiymətində satılacaq. Smart ekranların ABŞ ərazisində ön sifarişlərinə artıq start verilib.