Pixel 3, Pixel 3 XL, Google Slate planşeti və Gooogle Home Hub smart ekranı təqdim olundular



    Google şirkəti Nyu Yorkdakı tədbirdə Pixel 3Pixel 3 XL smartfon modellərini təqdim etdi. Baxmayaraq ki, Pixel 3 XL modeli hələ 2 ay bundan öncə jurnalistlərin əllərinə düşmüşdü, şirkət yenə də bəzi mövzular ürə istifadəçiləri təəccübləndirməyi bacardı. Yeni Pixel smartfon modelləri barəsində bütün məlumat sızıntıları təsdiqləndilər. Google şirkəti 5.5 inç POLED ekrana sahib Pixel 3 və 6.3 inç POLED ekrana sahib Pixel 3 XL modellərini təqdim etdi. Arxa paneldən hər iki model keçən ilki smartfon modellərinə bənzəyir. Lakin keçən ilki modellərdən fərqli olaraq yeni smartfonların arxa panelləri şüşədən hazırlanıb. Buna görə də hər iki yeni Pixel modeli naqilsiz şarj texnologiyasını dstəkləyir.


    Ön paneldən yeni smartfonlar nəzərə çarpacaq dərəcədə dəyişikliklərə məruz qalıblar. Belə ki, Pixel 3 modeli Pixel 2 kimi böyük çərçivələrdən azad olaraq 18:9 nisbətli ekrana sahib olub. Pixel 3 XL modelinin ekranında çıxıntı hissə, ekranın alt hissəsində isə qalın çərçivə var. Bundan əlavə olaraq yeni smartfonlar toxunuşa həssaslıq funksiyasını da özlərində qoruyub saxlayıblar. Məsələn istifdəçi hər hansı bir modeli əlində sıxan zaman Google Assistant səsli köməkçisini işə sala bilər. Bu əmri digər funksiyaya dəyişmək mümkün olmayacaq. Hər iki smartfon modeli 8 nüvəli Snapdragon 845 prosessoru, Adreno 630 qrafik sürətləndirici, 4 GB RAM, 64/128 GB daxili yaddaş və iki SIM kart girişi ilə təchiz olunub. Pixel 3 2915 mAh, Pixel 3 XL isə 3430 mAh enerji tutumlu batareyaya sahibdir.


    Bütün Pixel modellərinin əsas fərqləndirici tərəfləri məhz onların kameraları idi. Yeni smartfonlar da istisna olmadı. Google ənənədən geri qalmayaraq hər iki smartfonu bir ədəd arxa kamera ilə təchiz edib. Beləliklə hər iki smartfon f/1.8 diafraqmalı 12 MP-lik arxa və f/2.2 diafraqmalı 8 MP-lik ikili ön kameraya sahibdir. Yeni modellərdəki kameraların foto və video çəkiliş keyfiyyətləri bir qədər təkmilləşdirilib. Lakin əsas dəyişikliklər çəkiliş rejimləri ilə bağlıdır. Məlumdur ki, Pixel modellərində kamera tətbiqini işə salan zaman smartfon avtomatik olaraq foto çəkməyə başlayır və daha sonra əldə olunmuş kadrları birləşdirir. Yeni smartfon modellərində bu özəllik Top Shot adlı yeni funksiya üçün istifadə olunur.

    Bu yeni funksiyanın məğzi ondan ibarətdir ki, smartfonun avtomatik olaraq foto çəkimi zamanı kadrda baş vermiş hansısa hərəkətin əks olunduğu bəzi fotoların yaddaşda saxlamasıdır. Məsələn hansısa şəxs çəkiliş zamanı birdən gözünü yumsa və ya külək onun saçlarını havaya qaldırsa bu funksiya işə düşəcək. Bu anda machine learning sayəsində çəkilmiş fotolar arasında ən uğurlu kadrı seçməkdə yarıdmçı olacaq. Smartfonun daxili yaddaşında yerin qorunub saxlanması üçün alınmış fotolarda lazım olmayan hissələrin keyfiyyəti bir qədər aşağı endiriləcək. Fotonun əsas hissələri isə yüksək keyfiyyətdə qalacaq. Daha bir yeni funksiya Super Res Zoom adlanır. Yeni smartfonlarda optik zoom özəlliyi üçün teleobyektiv olmadığına görə bu funksiya əlavə olunub.

    Bu halda da Google şirkəti machine learning özəlliyinə və süni zəkaya öz diqqətini ayırıb. Belə ki, Pixel 3 və Pixel 3 XL modelləri üçün xüsusi alqoritmlər hazırlanıb. Bu alqoritmlər sayəsində fotonun keyfiyyətinin itməməsi ilə birlikdə rəqəmsal zoom reallaşdırmaq mümkündür. Baxmayaraq ki, smartfonlar bir ədəd arxa kameraya sahibdirlər, onların ön panellərində ikili kamera mövcuddur. Belə ki, ikinci kamera modulu genişbucaqlı obyektivdən ibarətdir və kadrda daha çox insanın əks olunduğu səhnələrin çəkilməsi üçün nəzərdə tutulub. Hər iki smartfon Android Pie əməliyyat sistemi vasitəsilə çalışır və IP68 standartı üzrə tozdan və sudan qorunma özəlliyinə sahibdir. Beləliklə Pixel 3 modelinin qiyməti 799$-dan, Pixel 3 XL modelinin qiyməti isə 899$-dan başlayacaq.

    Google şirkəti planşet istehsalına geri dönüş edərək Pixel Slate adlı planşet modelini də təqdim etdi. Cihaz Android tətbiqlərini və Google Play-i dəstəkləyən Chrome OS əməliyyat sisteminin yenilənmiş versiyası əsasında çalışır. Klaviatura və güclü texniki göstricilər sayəsində Pixel Slate planşetini həmçinin noutbook kimi də istifadə etmək olar. Planşet 3000x2000 piksel keyfiyyətli 12.3 inç ekranla təchiz olunub. Şirkətin verdiyi məlumata əsasən bu, bazarda olan ən yaxşı ekranlardan biridir. Yüksək görüntülü təsvirdən əlavə olaraq Google şirkəti həmçinin yaxşı səs keyfiyyətini də düşünüb. Belə ki, planşet ön tərəfdən stereo səsgücləndiricilərə sahibdir.


    Planşetdə olan Chrome OS əməliyyat sistemi həmçinin sensorlu idarəetmə üçün də optimizasiya olunub. Əməliyyat sistemi Android, Linux tətbiqlərini və Google Assistant səsli köməkçisini dəstəkləyir. Pixel Slate üçün xüsusi olaraq həmçinin işıq sistemli və dairəvi düymələrə sahib klaviatura da hazırlanıb. Klaviatura planşetdən ayrıca satılır. Texniki göstəricilərə gəldikdə isə Pixel Slate Intel Core m3/i5/i7/Intel Celeron prosessoru, 4/8/16 GB RAM, 32/64/128/256 GB daxili yaddaş, f/1.8 diafraqmalı 8 MP-lik arxa kamera, f/1.9 diafraqmalı 8 MP-lik ön kamera, 48 kilovatt saat gücündə batareya (10 saat çalışmaq imkanı) və 2 ədəd USB Type-C girişi ilə təchiz olunub. Bundan əlavə olaraq planşetin yandırıb/söndürmə düyməsində barmaq izi skanı texnologiyası da mövcuddur.


    Beləliklə Intel Celeron prosessoru, 4 GB RAM və 32 GB daxili yaddaşa sahib versiya 599$ qiymətində satılacaq. Intel Core i7, 16 GB RAM və 256 GB daxili yaddaşa sahib versiyanın qiyməti 1599$ təşkil edəcək. Klaviatura ayrıca olaraq 199$-a, stilus isə 99$-a satılacaq. Son olaraq Google şirkəti öz tədbirində Google Home Hub smart ekranını təqdim etdi. Bu cür cihazların olduğu bazarda Google Home Hub baha olmayan qyməti, kompakt korpusu və hər cür interyerə uyan dizaynı ilə seçilir. Google Home Hub 7 inç ekranla təchiz olunub. Ekran kompakt korpusa elə quraşdırılıb ki, smart ekran istənilən interyerə uyur. Cihazın arxa panelinin sağ hissəsində səsin tənzimlənməsi düyməsi yerləşir. Həmin düymənin yanında isə mikrrofonun deaktiv edilməsi üçün nəzərdə tutulmuş düymə yerləşir.


    Sözügedən cihazı həm sensorlu ekran vasitəsilə həmdə səsli idarə üsulu (Hey, Google və ya Okay Google) ilə idarə etmək olar. Google Home Hub həmçinin Google Assistant səsli köməkçisini də dəstəkləyir. Səsli idarə üsulu vasitəsilə istifadəçi smart ekranın baza funksiyalarını işə sala bilər. Smart ekranın faydalı özəlliklərindən biri də onun istənilən işıq mühitinə avtomatik uyğunlaşmasıdır. Məsələn gündüz vaxtı cihazın ekranı daha parlaq olur, gecə vaxtı isə cihaz avtomatik olaraq parlaqlığı aşağı salır. Cihazda olan Wi-Fi, sensorlu ekran və səsgücləndiricilər vasitəsilə istifadəçilər multimedia tətbiqlərindən də istifadə edə bilərlər.


    Məsələn istifadəçilər Google Home Hub vasitəsilə YouTube servisində vdeolara baxa və ya Google şirkətinin digər servisləri ilə qarşılıqlı əlaqədə ola bilərlər. Multimedia kontentini rahat şəkildə izləmək üçün istifadçi həmçinin cihazı HDMI naqili vasitəsilə xarici ekrana da qoşa bilər. Digər cihazlara qoşulma və məlumat ötürülməsi təkcə Wi-Fi ilə deyil həmdə Bluetooth vasitəsilə də reallaşdırılır. Təhlükəsizlik baxımından şirkət cihazı kamera ilə təchiz etməkdən imtina edib. Beləliklə Google Home Hub vasitəsilə videozənglər etmək və ya fotolar çəkmək mümkün deyil. Smart ekranı artıq Google Store vasitəsilə 149$ qiymətinə ön sifariş etmək olar. ABŞ, İngiltərə və Avstraliya ölkələrində Google Home Hub 22 Oktyabr tarixindən satış çıxacaq.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar