Android əməliyyat sistemi dünyanın ən yayılmış və məşhur əməliyyat sistemlərindən biridir. Bundan əlavə olaraq bu əməliyyat sistemi Google şirkətinin biznesinin ən ayrılmaz hissəsidir. Lakin görünür, Google şirkəti artıq təkcə Android ilə tanınmaq istəmir. 9 Noyabr tarixində Nyu Yorkda baş tutmuş Pixel smartfon modellərinin təqdimatı buna sübutdur. Belə ki, həmin təqdimatda bir dəfə də olsun “Android” sözü işlədilmədi. İlk dəfə olaraq Google şirkəti öz smartfon modellərinin və digər cihazlarının təqdimatında “Android” sözündən istifadə etmədi.
Qeyd etmək lazımdır ki, bundan əvvəl də şirkət Android adından qurtulmaq üçün bir sıra tədbirlər görüb. Belə ki, şirkət bu sözü öz bəzi tətbiqlərindən çıxardıb. Məsələn Android Pay artıq Google Pay, Android Messages isə sadəcə olaraq Messages adlanır. Bundan əlavə olaraq şirkət smart saatlar üçün nəzərdə tutulmuş əməliyyat sisteminin də adını dəyişib. Belə ki, o artıq Android Wear deyil, sadəcə Wear OS adlanır. Bir çox məhsullarında şirkət öz adından istifadə edir. Məsələn Google One, Google Tasks, Google Allo və Google Duo. Buna baxmayaraq bəzi servis və tətbiqlər öz adlarında “Android” sözünü qoruyub saxlayıb. Məsələn Android TV, Android Auto və Android Things.
Çox güman ki, yaxın zamanda şirkət həmin məhsullardan da “Android” sözünü çıxardacaq. Ümumiyyətlə birinci Pixel smartfonlarının təqdimatından sonra bu söz şirkət məhsullarının adlarından itməyə başlayıb. Bir sıra tətbiqləri nəzərə almasaq Pixel smartfonlarının özlərində bu söz nəzərə çarpacaq dərəcədə qeyd olunmayıb. Hətta smartfonların qutularında da “Android” sözü yazılmayb. 9 Oktyabr tarixində keçirilmiş tədbirdə də bu yenidən baş verdi. Görünür, şirkət Android brendindən artıq qurtulmağa çalışır. Bəlkə də bu, şirkətin yeni əməliyyat sistemi üzərində çalışması ilə bağlıdır? Belə ki, hələ uzun müddət bundan öncə məlumat yayılmışdı ki, şirkət Android-dən imtina edərək Fuchsia OS adlı yeni əməliyyat sisteminə keçəcək.