Android əməliyyat sisteminin yaradıcısı Andy Rubin-in Essential adlı şirkəti qəliz qərarlar vermək məcburiyyətində qalır. Belə ki, smartfon istehsalçısı olan Essential şirkəti öz işçilərinin 30%-ni işdən azad edib. İş yerlərini itirən şəxslər əsasən satış şöbəsindən və məhsul istehsalı şöbəsindən olublar.
“Bu cür addım atmaq çoz qəliz idi. Biz, şirkəti tərk edən bütün əməkdaşlarımızdan üzr istəyirik və onların karyeraları üçün əlimizdən gələni edəcəyik. Biz öz yolumuzda əminik və ümid edirik ki, həmin yol bizə sözün əsl mənasında oyunu dəyişəcək məhsul çıxartmağımıza kömək edəcək” – deyə şirkət bildirib.
Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə Bloomberg saytı xəbər vermişdi ki, Essential şirkəti süni zəka əsasında çalışacaq yeni smartfonun hazırlanması ilə məşğuldur. Güman olunur ki, həmin yeni smartfon istifadəçi adından zənglərə və mesajlara cavab verəcək. Həmçinin smartfonu səslə də idarə etmək mümkün olacaq. Şirkətin yeni smartfonunun təqribi çıxış tarixi barəsində heç bir məlumat yoxdur. Şirkətin Essential Phone adlı yeganə smartfonu keçən ilin yay fəslinin sonunda satışa çıxmışdı. Mütəxəssislərin fikrincə həmin smartfon keyfiyyətli olsa da inqilabi funksiyalara sahib deyil.