Xiaomi şirkəti tərəfindən maliyyələşdirilən Black Shark Technology adlı startap sonunda barəsində uzun zamandır ki, məlumatlar gəzən Xiaomi BlackShark gamer smartfonunu təqdim etdi. Smartfon flaqman modellərinin texniki göstəricilərini və arxa paneldən parlayan loqonu özündə birləşdirir. Beləliklə smartfon 18:9 nisbətli 2160x1080 piksel keyfiyyətli 5.99 inç IPS LCD ekranla təchiz olunub. Sözügedən ekran həmçnin HDR formatını dəstəkləyir.
Smartfon həmdə 8 nüvəli Snapdragon 845 prosessoru, Adreno 630 qrafik sürətləndirici, 6/8 GB RAM, 64/128 GB daxili yaddaş və 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Xiaomi BlackShark-ın prosessorunun soyudulması üçün böyük radiatorlara sahib xüsusi soyutma sistemindən istifadə olunur. Şirkətin məlumatına əsasən o, prosessorun yüklənməsi halında temperaturu 8 dərəcəyə kimi sala bilib. Maksimal tezlikdə CPU-nun çalışma müddəti 70% yüksəlib. Qeyd etmək lazımdır ki, smartfon microSD girişinə sahib deyil. Buna görə də istifadəçilər şirkət tərəfindən təqdim olunan daxili yaddaş ilə yetinməli olacaqlar.
Lakin smartfon 2 SIM kart girişinə sahibdir. Sözügedən cihaz 12 + 20 MP-lik ikili arxa kameraya və 20 MP-lik ön kameraya sahibdir. Yaxın zamanda ön kamera üçün xüsusi proqram təminatı təqdim olunacaq. Həmin proqram təminatı sayəsində ön kamera kadrdakı obyektləri təyin edə biləcək. Smartfonun korpusunun metaldan hazırlanmış kənarlarında yandırıb/söndürmə və səs tənzimləyicisi düymələrindən başqa SharkSpace keçidi üçün düymə də yerləşir. SharkSpace funksiyası smartfonun gücünü maksimal dərəcəyə çatdırır və istifadəçinin oyundan diqqətini yayındırmamaq üçün smartfona gələn bütün bildirişləri deaktiv edir.
Xiaomi BlackShark Joy UI interfeysli Android 8.0 Oreo əməliyyat sistemi vasitəsilə çalışır. 4000 mAh enerji tutumlu batareya sayəsində bu smartfon vasitəsilə 4 saat ərzində PUBG (Player Unknown’s Battlegrounds) oyununu oynamaq olar. Batareya həmçinin Quick Charge 3.0 sürətli enerji yığma özəlliyini də özündə birləşdirir. Smartfon 3.5 mm-lik audiogirişə sahib olmasa da onda olan USB Type-C girişi həmçinin qulaqlıqlar üçün istifadə olunur. Smartfonun barmaq izi skanı texnologiyası aşağı hissədə yerləşən düyməyə inteqrasiya olunub.
Gözlənildiyi kimi smartfon ilə birlikdə həmdə Game Dock adlı gamepad da təqdim olunub. Sözügedən gamepad analoq düymələri və triggerlərdən ibarətdir. Qalan idarəetmə sistemi isə smartfon ekranında reallaşdırılır. Gamepad smartfona Bluetooth vasitəsilə qoşulur və özünün batareyasına sahibdir. Öz batareyası sayəsində bu gamepad ilə 30 saata yaxın oyun oynamaq mümkündür. Çində Xiaomi BlackShark 20 Aprel tarixində satışa çıxacaq. 6 GB RAM və 64 GB daxili yaddaşa sahib versiya 480$-a, 8 GB RAM və 128 GB daxili yaddaşa sahib versiya isə 560$-a satılacaq. Game Dock ayrıca olaraq 28.5$-a satılacaq.