Apple şirkəti istifadəçiləri köhnə model iPhone cihazlarını emal edən Daisy adlı yeni robotla tanış ediblər. Şirkətin məlumatına əsasən Daisy köhnə model iPhone cihazlarını insanlardan fərqli olaraq daha effektiv şəkildə emal edir. 1 saat ərzində 200 ədəd iPhone cihazını emal etməyi bacaran robot smartfonun daxili komponentlərini ayıra və onları müxtəlif kateqoriyalar üzrə sıralaya bilir.
Apple şirkəti bildirib ki, sözügedən robotdan istifadə etməklə şirkət istənilən digər üsuldan fərqli olaraq daha çox resursu emal etməyi bacarır. Qeyd etmək lazımdır ki, Daisy Apple şirkətinin ilk belə bir robotu deyil. 2016-cı ildə şirkət ilk dəfə belə bir robotu təqdim etmişdir. Onun adı Liam idi və o yalnız iPhone 6 modellərinin emalı üçün nəzərdə tutulmuşdur. Daisy isə 9 müxtəlif iPhone modelini emal edə bilir.