Keçən il Yahoo servisini almış məşhur Verizon mobil operatoru Flickr fotoservisini SmugMug adlı digər bir fotoservisə satdı. Bu barədə USA Today saytı xəbər verib. Müqavilənin dəyəri barəsində isə heç bir məlumat yoxdur. Sözügedən müqavilə bu ayın ortalarında bağlanıb. Məlumata əsasən Flickr professional fotoqraflar üçün ayrıca fotoservis kimi öz fəaliyyətinə davam edəcək və inkişaf üçün lazımi resurslarla təmin olunacaq.
Flickr-in verdiyi məlumata əsasən servisin istifadəçi kütləsi 100 milyon insandan çoxdur. Onlar bu servisdə milyardlarla fotolar paylaşırlar. Məlumata əsasən bu ilin Mart ayında sözügedən servisə 13.1 milyon insan daxil olmuşdur. Bu isə keçən ilki göstəricidən 2.3 milyon çoxdur. Flickr 2004-cü ildə yaradılıb və 2005-ci ildə Yahoo tərəfindən 35 milyon dollara alınıb. USA Today-in sözlərinə əsasən Flickr internetin əsas hadisələrindən biri hesab olunur. Belə ki, o, professional fotoqraflar cəmiyyətini yaradaraq paylaşılmış fotoların müzakirəsi imkanını verir.
2015-ci ildə Yahoo Flickr-in dizaynını dəyişərək onu fotoların saxlanması üçün servis kimi təqdim etdi. SmugMug servisi isə 2002-ci ildən mövcuddur və professional ilə həvəskar fotoqraflar üçün nəzərdə tutulub. Flickr-dən fərqli olaraq SmugMug-da pulsuz hesablar yoxdur. SmugMug-da minimal aylıq tarif 4$ təşkil edir və fotoların saxlanması üçün nəzərdə tutulur. Təsis edildiyi gündən bəri SmugMug kənar investisiyalar cəlb etməyib. O əsasən böyük olmasa da gəlirli biznes model əsasında çalışır.