Hootsuite və We Are Social adlı təşkilatlar internetin dünya üzrə inkişafı barəsində ətraflı hesabat tərtib ediblər. Beləliklə hesabatdakı məlumata əsasən bu il milyonlarla insan ilk dəfə olaraq internetdən istifadə etməyə başlayıblar. Həmin insanların arasında internetə mobil cihazlar ilə daxil olanların sayı üstünlük təşkil edir. Bu ayki göstəricilərə əsasən bütün dünya üzrə 4.2 milyard internet istifadəçisi var. Bu, Yer kürəsinin əhalisinin yarısından və keçən ilki göstəricidən 7% çoxdur. 3.4 milyarddan çox insan sosial şəbəkələrdən istifadə edir, 5.1 milyarddan çox insanın isə mobil cihazları var. Onların arasında smartfonlara sahib olanları üstünlük təşkil edir.
Keçən ilin Sentyabr ayından bu ilin Oktyabr ayına kimi internetdən ilk dəfə 284 milyon yeni insan istifadə etməyə başlayıb. Sosial şəbəkələrdəki istifadəçi hesablarının sayı da sürətlə artmağa davam edir. Belə ki, keçən ilin Sentyabr ayından bu ilin Oktyabr ayına kimi 320 milyon insan özünə sosial şəbəkə hesabı yaradıb.
Mobil cihazların üzərinə hələ də bütün dünya üzrə internet trafikinin yarısından çoxu düşür. Lakin stolüstü kompüter və noutbooklar tərəfindən əldə olunan trafikin göstəricisi də 2% artıb. Planşetlər və digər cihazlarda bu göstərici aşağı düşməkdə davam edir.
Ookla şirkətinin məlumatına əsasən ən sürətli interneti olan ölkələr reytinqində Sinqapur birinci yerdə qərarlaşır. Belə ki, Sinqapurda internetin sürəti saniyədə 189 Mbit-dir. Norveç isə ən sürətli mobil internetə sahibdir (ortalama saniyədə 63.13 Mbit).
Bütün dünya üzrə internet istifadəçilərinin 42%-nin fikrincə onların məlumatları düzgün şəkildə istifadə olunmur. Bir sözlə onlar öz məlumatlarının konfidensiallığı barəsində narahatdırlar.
Bütün olmuş qalmaqallara baxmayaraq Facebook dünyanın ən məşhur sosial şəbəkəsi olaraq qalır. Bu sosial şəbəkə 2.2 milyarddan çox aktiv istifadəçi kütləsinə sahibdir. Top-20 reytinqdə sonuncu yeri isə 200 milyon istifadəçi kütləsinə sahib Telegram messenceri tutub.