Belçikanın Radionomy Group şirkəti 2013-cü ildən bəri yenilənməyən məşhur Winamp musiqi tətbiqini tamamilə yeni formatda geri qaytaracaq. Bu barədə şirkətin CEO-su Alexandre Saboundjan bildirib. Onun sözlərinə əsasən Winamp-ın yeni versiyası gələn il kompüterlər və mobil cihazlar üçün təqdim olunacaq. Məşhur musiqi tətbiqi öz əvvəlki özəlliklərini saxlamaqla yanaşı istifadəçilərə yeniliklər də təqdim edəcək.
Alexandre Saboundjan-ın verdiyi məlumata əsasən yeni Winamp özündə cihazdan və ya bulud servisdən musiqilərin dinlənməsi üçün adi player-i və radionu birləşdirəcək. O həmçinin Winamp-ın tamamilə ölməsi məlumatını təkzib edərək bunun tam olaraq düzgün olmadığını bildirib. Keçən ay şirkət tətbiqi yeniləyərək onun Windows 10 ilə uyğunlaşması problemini aradan qaldırmışdı.
Bundan əlavə olaraq tətbiq tamamilə pulsuz olub və tərtibatçılar 2002-ci ildə tətbiqə daxil edilmiş ödənişli funksiyaları aradan qaldırıblar. Məlumata əsasən Winamp-ın aylıq istifadçi kütləsi 100 milyon insandır. Qeyd etmək lazımdır ki, Winamp 1997-ci ildə Nullsoft şirkəti tərəfindən təqdim olunmuşdu. 1999-cu ildə həmin şirkət AOL adlı mediaqrup tərəfindən, 2014-cü ildə Radionomy Group şirkəti tərəfindən alınmışdı. Winamp sonuncu dəfə 2013-cü ildə yenilənib. Buna baxmayaraq məşhur musiqi tətbiqi stabil olaraq çalışır