3 milyon Facebook istifadəçisinin özəl məlumatları 4 il ərzində açıq mənbə kimi saxlanılıb. Bu barədə New Scientist saytı xəbər verib. Bunun əsas səbəbkarı isə Kembric Universitetinin mütəxəssisləri tərəfindən hazırlanmış myPersonality tətbiqi olub. Qeyd etmək lazımdır ki, bu tətbiq psixoloji testlərin keçirilməsi üçün nəzərdə tutulmuşdur.
Məlumata əsasən myPersonality psixoloji test nəticələri ilə birlikdə istifadəçilərin özəl məlumatlarını da yığıb. Tətbiq vaitəsilə aparılmış tədqiqatların anonim şəkildə aparılmasının lazım olduğu halda tətbiqin təhlükəsizlik üsulları o qədər aşağı səviyyədə olub ki, layihədə iştirak etmiş şəxslərin əsl adlarını müəyyən etmək heç də çətin olmazdı.
“Demək olar ki, 6 milyon insan myPersonality sayəsində testdən keçib və onlardan yarısı öz Facebook hesablarının məlumatlarının prosesdə istifadə edilməsinə razılıq verib” – deyə New Scientist saytı bildirib.
Bundan əlavə olaraq məlumata əsasən myPersonality tətbiqi 2013-cü ildən başlayaraq Cambridge Analytica şirkətinə məxsus olub. Keçən ay Facebook myPersonality tətbiqini sosial şəbəkədən silmişdi. Lakin qeyd etmək lazımdır ki, sosial şəbəkədə buna bənzər bir çox tətbiqlər var. Bununla yanaşı bugün verdiyimiz xəbərdə qeyd olunub ki, Facebook şirkəti 200-ə yaxın tətbiqin fəaliyyətini dayandırıb və onlar istifadəçi məlumatlarının sızdırılması ehtimalı üzrə yoxlanmadan keçirlər.