Block.one adlı blockchain startapı keçən ilin İyun ayından start verdiyi ICO nəticəsində 4 milyard dollarlıq investisiya əldə etməyə yaxındır. Bu barədə The Wall Street Journal saytı xəbər verib. Bunun olacağı halında startap dünyanın ən böyük ICO-nu keçirtmiş olacaq. Qeyd etmək lazımdır ki, ondan öncə ən böyük ICO keçirtmiş şirkət Telegram hesab olunurdu. Onun keçirtmiş olduğu ICO nəticəsində şirkət 1.7 milyard dollar investisiya əldə etmişdi.
Block.one EOS adlı tokenləri istifadəyə verir. Tokenlərin satışları 1 İyun tarixində yekunlaşacaq. 2 İyun tarixində isə startap özünün EOS şəbəkəsini istifadəyə verəcək. Hal hazırda sözügedən kriptovalyuta Ethereum şəbəkəsində çalışır. Hər 23 saatdan bir startap 2 milyon tokeni hərraca buraxır. 1 il ərzində startap ümumilikdə 900 milyon token sata bilib. Nizamlayıcı orqanlarla yarana biləcək problemlərdən qaçmaq üçün startap ABŞ və Çin investorlarına token satışlarını bloklayır.
Lakin həmin ölkələrdən olan bəzi investorlar məhdudlaşdırmadan yayınaraq sözügedən layihəyə investisiya yatıra biliblər. Keçən ilin Oktyabr ayında EOS tokeninin qiyməti 1$-dan aşağı idi. Lakin indi onun qiyməti 12$ təşkil edir. Onun maksimum qiymət göstəricisi isə 21$ olub. Beləliklə ICO-nun yekunlaşması nəticəsində startap 4.2 milyard dollar investisiya əldə edəcək. Bu isə Telegram-ın göstəricisindən 2 dəfə çoxdur.
Block.one komandası EOS üçün desentrəlizə olunmuş mobil və veb tətbiqlər platforması üzərində çalışır. Həmin platformada istifadəçilər özləri üçün hesablar aça və aşağı komissiya qarşılığında sürətli tranzaksiyalar reallaşdıra biləcəklər. Platformanın istifadəyə verilməsindən sonra şirkət onun üzərində idarəetməni platformanın növbəti inkişafında iştirak etmək istəyəcək müstəqil tərtibatçılar cəmiyyətinə verməyi planlaşdırır. Bundan əlavə olaraq block.one EOS platformasında çalışacaq startaplara 1 milyard dollar investisiya yatıracağına söz verib.