Letsgodigital adlı məşhur mənbə Samsung şirkətinin yeni smartfonu barəsində olan patent fotolarını təqdim edib. Təqdim olunmuş fotolardan da görmək olar ki, Samsung-un yeni smartfonu ön kamera ilə təchiz olunmayacaq. Bunun yerinə smartfon yuxarı hissədən arxa paneldəki kameraya kimi əyilmiş ekranla təchiz olunacaq. Smartfonun yuxarı hissəsində olan sensorlu panel isə cihazın funksiyalarını idarə etmək üçün nəzərdə tutulub. Hətta ön kameranın olmaması halında da bu smartfonla selfi foto çəkmək asan məsələdir. Belə ki, smartfonun arxa panelinə kimi əyilmiş ekran vasitəsilə istifadəçi arxa kamera sayəsində necə göründüyünü görə biləcək. Smartfonun qiyməti, texniki göstəriciləri və təqribi təqdimat tarixi barəsində heç bir məlumat yoxdur. Belə ki, bu sadəcə olaraq prototipdir. Çox güman ki, sözügedən cihaz elə patent olaraq da qalacaq.