Son bir neçə ay ərzində təqdim olunmuş 5 test versiyasından sonra Google şirkəti öncədən heç bir məlumat verməyərək Android 9 əməliyyat sisteminin final versiyasını istifadəyə verdi və öz Pixel smartfon modellərini sözügedən Android versiyasına kimi yenilədi. Daha maraqlısı isə yeni Android versiyasının adı oldu. Beləliklə yeni Android versiyası Pie adlanır. Bu yeni əməliyyat sistemini ilk əldə etmiş istifadəçilər isə Pixel, Pixel XL, Pixel 2 və Pixel 2 XL smartfon modellərinin istifadəçiləri oldular. Onu da qeyd etmək lazımdır ki, əvvəlki sızdırılmış məlumatlara əsasən yeni əməliyyat sistemi Android Pistachio adlanacaqdı. Lakin bu belə olmadı.
Android Pie-da Google şirkəti öz əsas diqqətini interfeysin sadəliyinə ayırıb. Belə ki, əməliyyat sisteminin 9-cu versiyasının əsas fərqləndirici özəlliyi jestlərlə idarəetmə sistemi olub. Bu halda smartfon idarəetməsi ekranın aşağı hissəsindəki universal simvol vasitəsilə reallaşdırılır. Həmin simvol ənənəvi Home işarəsini əvəz edib. Beləliklə istifadəçi öz barmağı ilə ekranı yuxarı sürüşdürən zaman işə salınmış tətbiqlərin əks olunduğu bölmə ortaya çıxır. İstənilən işi görən zaman ekranı sağa sürüşdürəndə isə sonuncu dəfə işə salınmış tətbiqə qayıdış reallaşır. Home düyməsini klik edib saxlamaqla screenshots meneceri işə düşür. Android Pie əməliyyat sistemi Markup adlı yeni funksiyaya sahibdir. Bu funksiya, edilmiş screenshot fotonun lazımi hissələrini sürətlə kəsməkdə və ona yazı özəlliklərinin əlavə edilməsində yardımçı olur.
Bununla yanaşı sürətli ayarlar paneli də bir qədər dəyişikliyə məruz qalıb. Yeni əməliyyat sisteminin bu hissəsində 6 vacib funksiyanın ikonları yer alıblar. Qeyd etmək lazımdır ki, Wi-Fi ilə Bluetooth ikonlarına klik edib saxlayaraq aktiv olan cihazlar siyahısına baxış özəlliyi yeni əməliyyat sistemində ortadan qaldırılıb. Bunu yalnız adi ayarlar bölməsinə daxil olmaqla etmək mümkün olacaq. Bildirişlər paneli mesajlar üçün optimizasiya olunmuş interfeys sayəsində emal olunub. Bundan sonra istifadəçi birbaşa bildiriş panelindən lazımi mesajlara cavab verə biləcək.
Smartfonun səs tənzimlənməsi özəlliyi də dəyişib. Belə ki, bundan sonra bunun üçün nəzərdə tutulmuş fiziki düymələr təkcə səsin səviyyəsini tənzimləməyəcəklər, həmdə səssiz və vibrasiya rejiminə sürətli keçidi də reallaşdıracaqlar. Batareyanın enerji sərfiyyatı machine learning köməyi ilə xüsusi sistem sayəsində idarə olunur. Həmin sistem istifadə olunan tətbiq və servislərin tezliklərini təyin edərək prosessora olan yükü tənzimləyir. Bununla yanaşı enerji sərfiyyatının optimizasiyası üçün avtoparlaqlıq funksiyasının alqoritmi də təkmilləşdirilib.
Bundan əlavə olaraq Android Pie əvvəlki əmrlərin ardıcıllığını yadda saxlayaraq müəyyən yeni əmrləri istifadəçiyə təklif edir. Məsələn qulaqlıqları smartfona qoşan zaman istifadəçinin playlisti avtomatik olaraq işə düşəcək. Və ya axtarış sisteminə Hawaii sözünün yazılması zamanı ekranda Google Photo-dan lazımi fotolar əks olunacaq. Android Pie-da ən nəzərə çarpan yenilik isə Digital Wellbeing funksiyasıdır. Onun əsas məqsədi istifadəçinin gün ərzində öz smartfonundan necə istifadə etməsi haqqında məlumatı əldə etməkdir. Beləliklə istifadəçi öz smartfonu ilə nə qədər zaman keçirtdiyini və hansı tətbiqlərin daha çox istifadə olunduğunu biləcək. Bu isə öz növbəsində müəyyən tətbiqdən istifadəyə limit qoymaqla smartfon asılılığından qurtulmağa yardımçı olacaq. Android 9 Pie artıq bugündən etibarən Pixel modeli smartfonlar üçün aktivdir. Digər məşhur istehsalçıların smartfonları isə sözügedən yeni Android versiyasını yalnız payız fəslinin sonunda əldə edəcəklər.