IBM şirkəti ABŞ-da fəaliyyət göstərən və açıq mənbə kodlu proqram təminatı istehsalı ilə məşğul olan Red Hat şirkətini 34 milyard dollara aldı. Bu müqavilə IBM şirkətinin tarixində ən böyük müqavilədir. Beləliklə IBM şirkəti Red Hat-ın hər bir səhminə 190$ vəsait ödəyəcək. Bu isə 26 Oktyabr tarixində şirkətin birjadakı səhm hərracları qiymətindən 63% çoxdur. Belə ki, həmin vaxtda Red Hat şirkətinin bir səhmi 116.68$ qiymətində satılırdı və şirkətin bazar dəyəri 20.5 mmilyard dollar təşkil edirdi.
Hər iki tərəf müqavilənin gələn ilin ikinci yarısında bağlanmasına ümid edir. Ondan sonra Red Hat şirkəti IBM Hybrid Cloud şöbəsinin müstəqil təmsilçisinə çevriləcək. IBM söz verib ki, Red Hat şirkəti açıq mənbəli koda sahib servislərin dəstəyini davam etdirəcək və öz strategiyası üzrə gedəcək. Jim Whitehurst Red Hat şirkətinin CEO vəzifəsində qalacaq və IBM şirkətinin CEO-su Ginni Rometty-yə tabe olacaq. Qeyd etmək lazımdır ki, Red Hat şirkəti 1993-cü ildə yaradılıb və Linux-Fedora bazasında əməliyyat sistemlərini istehsal edir.
Şirkət həmçinin özünün bulud texnologiyalarını inkişaf etdirir. 2012-ci ildə Red Hat açıq mənbəli koda sahib proqram təminatlarını inkişaf etdirərək 1 milyard dollar gəlir əldə etmiş ilk şirkət olmuşdu. Red Hat şirkətinin alınması sayəsində IBM şirkəti sürətlə böyüyən bulud texnologiyaları bazarında öz mövqeyini gücləndirəcək və bu sahədən daha çox qazanc əldə etməyə imkan yaradacaq. Hal hazırda şirkət bu sahədə Amazon, Alphabet ə Microsoft kimi şirkətlərdən geri qalır.