Igeekphone adlı saytda Samsung şirkətinin yeni ekran dizaynı fotoları yayıldı. Yayılmış yeni dizayn fotoları əvvəlki konseptlər ilə üst-üstə düşür. Fotolardan da görmək olar ki, şirkətin gələcək smartfonlarındakı ekranlarda çıxıntı hissə olmayacaq. Çıxıntı hissə ekranın yuxarısında kiçik nöqtə ilə əvəz ediləcək. Həmin kiçik nöqtənin daxilində isə ön kamera yerləşəcək. Yeni ekran dizaynları 3 müxtəlif ad əldə ediblər: Infinity-U, Infinity-V və Infinity-O. Güman olunur ki, onlar gələn ilin əvvəlində təqdim olunacaq 3 müxtəlif Galaxy S10 (Galaxy S10, S10+ və S10 Lite) modelində tətbiq olunacaqlar. Bəzi məlumatlara əsasən Galaxy S10+ modeli ümumiyyətlə hər hansı bir çıxıntı hissəsiz və nöqtəsiz təqdim oluna bilər. Bu halda ön kamera ekranın alt hissəsində yerləşəcək və istifadəçi gözü ilə adi vaxtda görünməyəcək. Belə olacağı halda ön kamera yalnız işə düşən zaman əks olunacaq. Qeyd etmək lazımdır ki, yeni Galaxy S10 seriyasının təqdimatı gələn ilin Fevral ayında keçiriləcək MWC 2019 sərgisində gözlənilir.