Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
Bütün kompüter\playstation\telefona aid sualınızı yaza bilərsiniz
055 226 96 22
Azərbaycanda televiziya quruculuğu 1956-cı ildən başlayıb. Ölkədə teleradio proqramlarının yayımı üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Teleradio" İstehsalat Birliyinə və özəl şirkətlərə məxsus 310-a yaxın müxtəlif güclü radio-televiziya stansiyası fəaliyyət göstərir. Hər gün yenilənən texnologiya, elmi-texniki nailiyyətlər rəqəmli yayım zərurətini ortaya qoydu. Rəqəmli yayım əlavə xidmətlər, telekanalların keyfiyyətinin yüksəldilməsi, məhdud tezliklərdən istifadə olunması və mobil televiziyaya olan ehtiyacın ödənilməsini nəzərdə tutur.
2006-cı ildə İsveçrənin Cenevrə şəhərində keçirilən Radiorabitə Konfransında rəqəmli televiziya yayımına keçidlə bağlı qərarlar qəbul edilib. Nazirlər Kabinetinin 10 fevral 2011-ci il tarixli “Azərbaycan Respublikası ərazisində Avropada yerüstü rəqəmli televiziya yayımı standartı olan DVB-T sisteminin tətbiqi və inkişafı Proqramı” qərarı da var. Azərbaycanda rəqəmli televiziya yayım sisteminin tətbiqi dövlət əhəmiyyətli məsələ hesab edilir.
Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli 2014-cü ildə ölkənin tam olaraq rəqəmli yayıma keçəcəyini vurğulayıb. Aztəminatlı ailələrə rəqəmli yayımdan yararlanmaq üçün dövlət pulsuz dekoderlərin paylanmasını da üzərinə götürüb.
Televizoru rəqəmli yayımı dəstəkləməyən insan dekoder qurğusunu mütləq almalıdır, bu halda yalnız yerli kanallara pulsuz baxa bilər. Xarici telekanallara rəqəmli baxmaq üçün isə gərək pul ödəyib KATV, Ailə TV, BBTV, Connect TV, ATV Plus kimi şirkətlərin avadanlığından yararlanasan.
Rəqəmli yayım bazarına ATV Plus şirkəti sürətlə daxil olub. Kabel TV-lərdən prinsipial fərqi də var: bir qurğu və adi antena ilə hər yerdə yararlanmaq olur. Şirkət rəqəmli yayım üçün CAM modul və tüner təklif edir. Qiyməti 40 manat olan CAM modulda pult olmur, yəni o bir növ adapter rolunu oynayır. Tünerin qiyməti isə 50 manatdır.
Hazırda ATVplus öz şəbəkəsini Bakı və Bakı ətrafı ərazilərdə genişləndirir. Şəhərin mərkəzində rəqəmli yayım siqnalı güclü olsa da, Bakı kəndlərindən şikayət edən çoxdur.
Bilgəh sakini Esma İsmayılovadan şikayət daxil olub. Məktubda şikayətçi qarşılaşdığı probleminə toxunub: “Ölkədə rəqəmli yayıma keçid bizə yalnız problem doğurub. Əvvəlcə 35 manat ödəyib dekoder aldıq. Bir müddət hardasa 24 kanala baxdıq. Sonra xarici kanallar ləğv edildi, qaldı yerlilər. Bu arada televizoru dəyişdik ki, yaxşı keyfiyyətdə verilişlərə baxaq. Televizorda da ATV Plus qurğusunun reklamı gedirdi. Nə bilim, 94 kanala baxmaq imkanından danışılırdı, biz qərar verdik, aparatı 50 manata aldıq, kartı üstündə, ayı da 9 manat ödəyirik.
Problem sonra yaşandı. Şkalada 94 yox, cəmi 72 kanal vardı. Düşündük, eybi yox, heç olmasa bunlara baxarıq. Amma heç vaxt kanalları normal tutmayıb. 15 kanal göstərir, arada 10 kanal itir. Deyək 5 kanal göstərir, sonra növbəti 7-8 kanalın tək adı görünür, özü göstərmir. Köhnə antena və kabeli də dəyişdik, yenə eyni problem qalmaqdadır. Daha ayda 9 manat da ödəmirik, çünki mənası yoxdur, elə yerli kanallara baxırıq.
Daha bir problem yayımın keyfiyyəti ilə bağlıdır, tez-tez televizordakı görüntü donub qalır. Nə bir xəbərə baxa bilirik, nə də filmə. Səs var, amma görüntü ya donub, ya da siqnal gecikir. Uzun qış ayları biq sevincimiz var - televizor, o da əlçatmaz olub. Bilmirik, dərdimizi kimə deyək? Xahiş edirəm, bu məsələni araşdırın”.
ATV Plus şirkətinin satış meneceri Eldar Babayev məsələyə münasibət bildirib: “Siyahıda verilən bəzi kanalların tutmaması antenaya bağlıdır. Qəbuledici aparat güclü olmalıdır. Yayım zamanı siqnalın tez-tez itməsi ərazidən asılıdır. Yəni alıcının yaşadığı ərazidən. İkinci məsələ yenə də deyirəm qəbuledici antenadir”.
Rəqəmli qurğuların mağazada satışı ilə məşğul olan Şahin Ayvazov rəqəmli yayımı dəstəkləyən KATV, Ailə TV, BBTV, ATV Plus kimi şirkətlərin olduğunu deyir: “ATV-Plus-un təqdim etdiyi qurğular qısa zamanda bazarda öz yerini tuta biliblər. Fərqli cəhəti də var. Bəzi televizorlar əlavə dekoderə ehtiyac olmadan birbaşa yaddaş kartı ilə ATV Plusdan yararlanır. Bakı və Bakı ətrafı qəsəbələrdə siqnal qəbuledicisi müasir tələblərə cavab verir və yüksək görüntü keyfiyyəti ilə alıcıların rəğbətini qazana bilib”.
Şahin Ayvazov şikayətlərin olduğunu da inkar etməyib: “Belə hallarda bizim müştəri xidmətlərinə zəng edib iradlarını bildirə bilərlər. Biz onlara hər cür kömək göstərməyə hazırıq. Siqnalın yoxluğu yalnız qurğunun düzgün quraşdırılmaması zaman ola bilər. Bir də görürsən, alıcı ustadan kömək ummayıb özü qoşur. Belə halda siqnal itir. Amma müştəri xidmətinə zəng edib hər cür texniki dəstək almaq olar”.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin texniki şöbəsinin əməkdaşı Zöhrə Əfəndiyeva siqnalın itməsini qəbuledici ilə əlaqələndirib: “Siqnalın itməsi qəbuledicidən olur, əksər hallarda. Vətəndaşların böyük hissəsinin antenaları köhnə olduğundan yayım zamanı belə hallar baş verir. Hazırda bizim Fatmayı və Günəşli qəsəbələrində ötürücü stansiyalarımız fəaliyyət göstərir. Mərkəzdə də DVB-T yayım stansiyası var. Doğrudur, daha uzaq kəndlərdə yayım zamanı müxtəlif problemlər yaşanır. Onu da yaxın zamanda həll edəcəyik. Rəqəmli yayımla bağlı işlər 2015-ci ilin sonunda başa çatacaq və ölkə üzrə tam əhatə olunacaq”.
Texniki şöbəsinin əməkdaşı paketdə təklif olunan kanalların olmamasına da münasibət bildirib: “Biz dövlət qurumu olaraq yerli kanalların yayımına və keyfiyyətinə cavabdehik. Ödənişli paketə daxil olan xarici kanalların yayımına isə ATV Plus şirkəti məsuliyyət daşıyır. Alıcı ilə şirkət arasında müqavilə imzalanmalıdır”.
Bakı sakinləri arasında keçirilən sorğu da maraqlı faktları ortaya çıxarıb. Tələbə Tural Əliyev ATV Plus-dan yararlandığını, cəmi 40 kanalın göstərdiyini və axşam saatlarında siqnalda problem yarandığını göstərib. 24 yaşlı Nazim Həsənəliyev isə Connect TV-dən əziyyət çəkdiyini və ATV Plus-a keçmək istədiyini vurğulayıb. Evdar xanım Məhbubə Məmmədova adını deyə bilmədiyi modulla 5-6 kanal istisna olmaqla bütün kanallara baxdığını söyləyib. Müəllim Ayla Babayeva ATV Plus-dan istifadə etdiyini, əvvəl problem olduğunu, sonra servis xidmətinin ona yardım etdiyini deyib: “Ayda 9 manat ödəyirəm. İndi problem yoxdur. Lakin təklif edilən kanalların hamısı göstərmir. Səbəbi isə yaşadığımız ərazidədir, mərkəzdən xeyli kənarda yerləşir. ”
Proqramlar, son yeniliklər telegramda
- Bölmə Digərləri / Məqalələr
- Uyğun sistem Windows XP/Vista/7/8/8.1
- Proqramın dili Azəricə
- Dəyəri Pulsuz