Çinin 1 milyard aktiv istifadəçi kütləsinə sahib məşhur WeChat messenceri vasitəsilə ailələr boşanma prosesini rəsmi qeydiyyata ala biləcəklər. Lakin bu hələki Çinin Quandun əyalətində mümkün olacaq. Bu barədə Business Insider saytı xəbər verib. Boşanma sorğusunun göndərilməsi üçün istifadəçilər şəxsi ayarlar vasitəsilə xüsusi düyməyə klik etməli olacaqlar. Bundan sonra onlar öz şəxsiyyətlərini təsdiq etməlidirlər.
Məşhur messencerdə bu cür funksiyanın istifadəyə verilməsinə baxmayaraq boşanmaq qərarını vermiş cütlüklər yenə də xalq məhkəməsinə müraciət etməli olacaqlar ki, boşanma prosesini yekunlaşdırsınlar. Qeyd etmək lazımdır ki, boşanma prosesinin aparılması WeChat messencerinin bir çox yeni funksiyalarından biridir. Belə ki, Quandun əyalətinin sakinləri həmçinin öz sürücülük vəsiqələrini rəqəmal şəkildə bu messencerdə saxlaya bilərlər.
Bundan əlavə olaraq Çin vətəndaşları WeChat vasitəsilə evliliyin qeydə alınması üçün də sorğu göndərə bilərlər. Görünür, Çin hökuməti WeChat platforması əsasında xüsusi identifikasiya kartı yaratmağı planlaşdırır. Həmin kart bütün rəsmi sənədləri əvəz edə biləcək. Penguin Intelligence tədqiqat şirkətinin hesablamalarına görə Çinin böyük şəhərlərinin 92% sakini WeChat və Alipay-dən alış-verişlərin ödənilməsi servisi kimi istifadə edir.