Microsoft şirkəti İT layihələrin kodlarının saxlanması üçün nəzərdə tutulmuş GitHub platformasını aldığını təsdiqlədi. Müqavilənin dəyəri 7.5 milyard dollar təşkil edib. Microsoft bu məbləği səhmlər şəklində ödəyəcək. Öz növbəsində Microsoft açıq mənbə kodlu layihələrin inkişafını hədəfləyir. Bu barədə şirkətin CEO-su Satya Nadella bildirib. O əlavə edib ki, Microsoft şirkəti GitHub tərtibatçılarının istifadə etdikləri proqramlaşdırma dilləri, texnologiyalar və bulud servisləri üzrə onları məhdudlaşdırmayacaq və GitHub bütün tərtibatçılar üçün açıq platforma kimi öz varlığını davam etdirəcək.
“İlk öncə biz GitHub tərtibatçılarının imkanlarını genişləndirəcəyik. İdeyadan tutmuş birgə iş və ideyanın bulud servisdə layihəyə çevrilməsinə kimi. GitHub bütün tərtibatçılar üçün açıq platforma kimi qalacaq. Növbəti mərhələdə biz öz satış şöbəmizdən, tərəfdaşlıq kanallarımızdan istifadə edərək və Microsoft-un xidmət ilə qlobal bulud infrastrukturuna keçid şəraitini təqdim edərək GitHub istifadəsini korporativ tərtibatçılar üçün təkmilləşdirəcəyik. Nəticədə biz Microsoft servisi və alətlərini daha geniş tərtibatçılar cəmiyyətinə təqdim edəcəyik” – deyə Satya Nadella bildirib.
Hər iki tərəf bu müqavilənin 2018-ci il ərzində bağlanacağına ümid edir. GitHub-ın inkişafına Xamarin şirkətinin təsisçisi Nat Friedman cavabdeh olacaq. O və GitHub-ın hal hazırki rəhbəri Chris Wanstrath (Microsoft-da texniki mütəxəssis vəzifəsində çalışacaq) Microsoft şirkətinin bulud servisləri və süni zəka texnologiyası üzrə vitse prezidenti Scott Guthrie önündə cavabdehlik daşıyacaqlar.
Soldan sağa: GitHub-ın rəhbəri Chris Wanstrath, Microsoft-un vitse prezidenti Nat Friedman, Microsoft şirkətinin CEO-su Satya Nadella və Microsoft şirkətinin maliyyə direktoru Amy Hood.