MIT Media Lab-ın (Massaçusets Texnologiya İnstitutunun Media Laboratoriyası) direktoru və vençur investor Joi Ito Wired saytı üçün transhumanistlər barədə maraqlı məqalə yazıb. Həmin məqalənin tərcüməsini sizlərə təqdim edirik. Qeyd etmək lazımdır ki, transhumanizm cərəyanını dəstəkləyən transhumanistlər inanırlar ki, tenologiyaların inkişafı insanları ölümsüz edəcək. İnsanlar hələ keçmiş dövrlərdən ölümsüzlüyü arzulayırlar. Qədim Yunan mifologiyasında belə bir mif var: Zevs ilahə Eos-un ölümlü sevgilisi Tifona ölümsüzlük bəxş edir. Lakin Eos Tifon üçün sonsuz cavanlığın bəxş edilməsini Zevs-dən xahiş etməyi unudur. Buna görə də Tifon artıq ölümsüz qocaya çevriləndə o, ölümü arzulayır. İndi isə mən hər dəfə insan həyatının uzadılması barəsində eşidəndə çaşqınlıq içərisində qalır və qıcıqlanıram.
Ölümsüzlük haqqında danışanda biz nəyi nəzərdə tuturuq? Sonsuz cavanlıq, sonsuz həyat və ya insan beyninin 2000 il üçün dondurulması? İndiki zamanımızda sonsuz həyat ideyasının tərəfdarları inanırlar ki, texnoloji inkişaf sayəsində insanlar ölümsüz ola biləcəklər. Transhumanizmin müasir cərəyanı müxtəlif sual və əqidələri əhatə edir. Lakin onun mərkəzində olan məsələ ölümsüzlükdür. Transhumanistlər əmindirlər ki, texnologiyalar sayəsində insanlar qocalıq və xəstəliklərin ucbatından ölməyəcəklər. Ölüm səbəbləri isə bədbəxt hadisələr və insanın özünə bilərəkdən fiziki xəsarət yetirməsi olacaq. Elm irəliləyir və əvvəllər fantastika kimi görünən şeylər artıq reallığa çevrilməyə başlayır.
Transhumanizmin cəmiyyətdəki rolu dəyişir. Bir vaxtlar fantastik səslənmiş bu mədəniyyət artıq pul və texnologiyalar ilə zəngin olan Silikon Vadisi sakinlərinin “mümkün olan məqsəd”lərinə çevrilir. Transhumanizm ideyaları hələ 1960-cı illərdə yaranıblar və yazıçı-futuroloqlar tərəfindən geniş yayılıblar. Sənaye inqilabı ilə müqayisədə yeni kompüter texnologiyalarının inkişaflarının daha irimiqyaslı mərhələyə keçid etdikləri bir vaxtda filosof Max More transhumanizmi elmi üsullar sayəsində insanın daha üst insana çerilmə cəhdi adlandırmışdı. O, “ekstropiya” adlı özünün transhumanizm variantını fikirləşmişdi. Tom Morrow ilə birlikdə o, onun kimi düşünən hər kəsi bir araya toplayan Ekstropiya İnstitutunu yaratmışdı.
İnstitutun üzvləri süni zəka, krionika (insan bədəninin dondurulması), nanotexnologiyalar və kriptoanarxizm (konfidensiallığın və özəl azadlığın qorunması üçün güclü kriptoqrafiyadan istifadə məntiqini təbliğ edən fəlsəfi cərəyan) kimi mövzuları müzakirə edirdilər. Onlardan bəziləri transhumanizm cərəyanına qoşularaq Humanity+ təşkilatını yaratdılar. Texnoloji inqilabın inkişafı müddəti ərzində ekstropiya və transhumanizm cərəyanlarının tərəfdarları ölümsüzlüyün əldə olunması üçün texnologiyalar ilə aktiv təcrübələr aparmağa başladılar. Məsələn Timothy Leary öz beyninin dondurulması üçün qeyri-kommersiya təşkilatı Alcor-a müraciət etmişdi. Lakin o öz həyatının son günlərini yaşayan zaman onun evinə gəlmiş və özləri ilə bütün krionika ləvazimatlarını gətirmiş təşkilat üzvlərini görəndən sonra qorxmuş və fikrindən daşınmışdı. Leary xahiş etmişdi ki, onun ölümündən sonra külünü kosmosa göndərsinlər.
Həmin vaxtdan bəri ölümdən sonra krionika üsulunu dəstəkləyən transhumanistlər ilə söhbət edərkən mən bu cür fikirləşirəm: Həqiqətənmi sizlərdən çoxu buna razı olacaq? Harvard Universitetindən olan genetik George Church-ün fikrincə biomühəndislik sahəsindəki inqilabi ixtiralar o qədər sürətlə inkişaf edir ki, onların gələcəkdə necə olacaqlarını təsəvvür etmək qeyri-mümkündür. Məsələn genomun redaktə olunması üçün nəzərdə tutulmuş CRISPR (hüceyrəyə daxil olaraq onun dəyişilməsi lazım olan konkret bir hissəni taparaq yeni genetik kodun yazılması imkanını verən texnologiya) texnologiyasının yaranması tamamilə gözlənilməz oldu. Əvvəllər mütəxəssislər bu cür texnologiyanın varlığını qeyri-mümkün hesab edirdilər. İndiki zamanda ölümsüzlük və sonsuz cavanlıq da qeyri-mümkün şeylər kimi qəbul olunurlar.
Hal hazırda George Church itlər üzərində genetik terapiya sayəsində cavanlaşdırma özəlliyini test edir. Daha öncədən bu test laboratoriya siçanlarında uğurlu effekt vermişdi. Onun fikincə bu, ölümsüzlüyün sirini açmaqda istifadə olunan 9 məşhur üsul arasında ən çox ümid verənlərdən biridir. Chruch-ün tədqiqatları ən vacib ixtiralardan biridir. Həmin tədqiqatlar nə vaxtsa bizim qocalıq prosesini anlayaraq onu dayandırmaq bacarığımızın olacağına ümid verirlər. Mən inanıram ki, insanlıq həyat davamlılığının uzadılmasına və ya bu anlayışdan ümumiyyətlə imtina edilməsinə nail ola biləcək.
Lakin unutmaq lazım deyil ki, cəmiyyət heç də həmişə bu cür inqilabi texnoloji ixtiraları qəbul etmir. Əsasən də əgər həmin ixtiralar insan sağlamlığı və həyatını əhatə edirsə. Transhumanistlər hər zaman öz düşmənlərinə sübutlar vasitəsilə etiraz edirlər. Onlar belə bir sadə sübutu təqdim edirlər: Siz hər zaman aspirin qəbul edəndə və ya tibbi əməliyyat keçirdəndə öz həyatınıza müdaxilə edərək onu uzadırsınız. Onların fikrincə ölümsüzlüyün əldə olunması üçün olan bütün səylər bir çox müasir tibbi proseslər ilə eyni məntiqə sahibdirlər. Bununla belə əgər insanlar ölümsüz olsalar, bu, neqativ nəticələrə gətirib çıxara bilər.
Bir fikirləşin ki, həmin vaxtda diktatorlar ömürlük hakimiyyətdə qala bilərlər. Professorların heç zaman təqaüdə getməyəcəkləri universitetlər necə çalışacaqlar? Yer kürəsinin insan sayı nə dərəcədə artacaq? Kimlər ölümsüz olmaq haqqına sahib olacaq? Yalnız varlı insanlar? Sonsuzadək çalışmaq üçün kasıb insanlar məcburi şəkildə ölümsüzlük əldə edəcəklərmi? Heç şübhəsiz ki, ölümsüzlük bir çox sosial və fəlsəfi əsasları məhv edəcək. Mən düşünürəm ki, biz yaxın zamanda öz ağlımızı kompüterə yükləyə biləcəyik. Lakin mən ona da inanıram ki, yaxın zamanda insan anlayışının özünü sual altına qoyacaq dəyişikliklər baş verəcək. Filosof Nikola Danaylov özünün “Tranhumanistin Manifesti” yazısında bu cümləni işlətmişdir: “Biz, insanların, heyvanların, istənilən süni zəkanın, dıyişilmiş həyat formasının və digər canlıların da daxil olmaqla kainatda olan bütün şüur təzahülərinin hüquq və azadlıqlarına hörmətlə yanaşmalıyıq”. Mənə elə gəlir ki, bu çox düzgün və proqressiv fikirdir.