Bir neçə müddət bundan öncə verdiyimiz xəbərdə qeyd olunmuşdu ki, Instagram-a yaxın zamanda 1 saat xronometraja sahib videoları yükləmək olacaq. İndi isə məlum olub ki, tərtibatçılar Instagram-a YouTube kimi video bölməsi əlavə edə bilərlər. Gələcəkdə istifadəçilər Instagram-a hətta 4K formatlı 5-15 dəqiqəlik tam ekranlı və ya şaquli videoları yükləyə biləcəklər. Bu cür videokontentləri həm professional bloqqerlər həmdə adi istifadəçilər yükləyə biləcəklər. Bununla yanaşı bu cür videoların müəllifləri həmin videolar sayəsində pul da qazana biləcəklər.
Məsələn videoya baxan zaman istifadəçi barmağı ilə videonu yuxarı sürüşdürərək müəllifin saytına və ya öncədən linki qoyulmuş hansısa internet mağazasına daxil ola biləcək. Bu funksiyanın nə zaman reallaşdırılacağı hələki bilinmir. Çünki Instagram hələ reklam verənlərlə müqavilə bağlamayıb. Yeni funksiyaların anonsunun isə 20 İyun tarixində baş tutacağı güman olunur. Bununla yanaşı Instagram Stories bölməsinə yeni funksiya əlavə olunub. Belə ki, istifadəçilər bundan sonra digər istifadəçilərin Stories paylaşımlarını öz Stories-lərində paylaşa biləcəklər.
Yeni funksiya Instagram-ın həm Android həmdə iOS versiyalarında aktivdir. Bu yeni funksiya @mention Sharing adlanır. Digər istifadəçinin Stories paylaşımını yalnız o halda öz Stories bölməsində paylaşmaq olacaq ki, ilk paylaşımı etmiş şəxs ikinci şəxsi paylaşımda @ işarəsi vasitəsilə tag etmiş olsun. Bunu etdikdən sonra paylaşımı etmiş müəllifə belə bir bildiriş gələcək: “Adı çəkilmiş istifadəçilər növbəti 24 saat ərzində bu Stories paylaşımını öz Stories-lərində paylaşa bilərlər”.
Paylaşımda tag olunmuş istifadəçi isə linkli mesaj və belə bir bildiriş əldə edəcək: “Bunu öz Stories bölmənizə əlavə etmək”. Nəticədə istifadəçi həmin təklif olunan Stories paylaşımına mətn, stiker və ya foto əlavə edərək onu öz Stories bölməsində paylaşa biləcək. Stories paylaşımını ilk dəfə paylaşmış istifadəçi də öz növbəsində ikinci şəxs tərəfindən paylaşılmış Stories paylaşımında tag olunacaq. Qeyd etmək lazımdır ki, bu funksiyadan yalnız hesabı public olan istifadəçilər istifadə edə bilərlər.