Medison Universitetinin alimləri xəbərdarlıq edirlər: Artıq 2033-cü ilə kimi insanlar internetsiz qala bilərlər. Səbəb isə qlobal istiləşmə və dəniz səviyyəsinin qalxmasıdır. Dəniz sahilinə yaxın yerləşən böyük şəhərlərin infrastrukturları yaxın zaman ərzində su altında qalmaq riskindədirlər. Tədqiqatı aparmış şəxslər ABŞ-dakı vəziyyəti analiz edərək Nyu-York. Mayami və Sietl haqqında danışıblar. Lakin su səviyyəsinin qalxması administrativ sərhədlərə sahib deyil və bu problem dənizə çıxışı olan bütün dövlətlərə təsir edəcək.
Güman olunurdu ki, bizim bu problemə hazırlaşmağımız üçün 50 il vaxt var. Lakin bizim 50 il vaxtımız əslində yoxdur. Yeni tədqiqat onu göstərir ki, qlobal problemlər daha ciddi olacaq və onların ilk təsirlərini insanlar yaxın zaman ərzində hiss edəcəklər. Təkcə ABŞ-da yaxın 15 il ərzində 6500 km internet kabelləri suyun altında qala bilər. Məsələ burasındadır ki, 20-25 il bundan əvvəl quraşdırılmış internet kabelləri heç də tam suya davamlı deyillər. Həmin vaxtda bu cür iqlim problemlərinin olacağı gözlənilmədiyi üçün infrastruktur təhlükəsizliyi barəsində əlavə tədbirlər görülməmişdir.