Çoxdan gözlənildiyi kimi Samsung şirkəti özünün flaqman planşet modeli olan Galaxy Tab S4-ü təqdim etdi. Əvvəlki modellərdən fərqli olaraq Galaxy Tab S4 bir çox yeni özəlliklər ilə təchiz olunub. Beləliklə yeni planşet modeli nazik çərçivələrə sahib 10.5 inç Super AMOLED ekran ilə təchiz olunub. Buna isə fiziki Home düyməsindən və barmaq izi skanı texnologiyasından imtina etməklə nail olunub. Planşetin blokdan çıxarılması isə istifadəçi üzünün və göz qişasının skan texnologiyası ilə reallaşdırılır. Planşetin arxa paneli şüşədən hazırlanıb və üzərində AKG loqosu yerləşdirilib. Bu isə o deməkdir ki, planşet yüksək keyfiyyətli audio özəlliklərə sahibdir. Belə ki, planşet birbaşa 4 ədəd səsgücləndirici ilə təchiz olunub. Bununla yanaşı Galaxy Tab S4 həmdə Dolby Atmos səs texnologiyasını da dəstəkləyir. Beləliklə planşetdə oyun oynamağı və filmlərə baxmağı sevən istifadəçilər bu planşetdən razı qalacaqlar.
Dizayn dəyişikliyindən əlavə olaraq Galaxy Tab S4 daha bir vacib özəlliyə sahibdir. Söhbət, DeX rejimi dəstəyindən gedir. Bu rejim daha öncə yalnız Samsung smartfonlarında xüsusi əlavə kiçik stansiya vasitəsilə dəstəklənirdi. Galaxy Tab S4-də isə DeX rejimini hətta xarici monitor olmadan da aktiv etmək mümkündür. Bu rejimi aktivləşdirmək üçün ayarlarda olan xüsusi düyməni klikləmək kifayətdir. Sözügedən funksiyanın aktivləşdirilməsindən sonra planşet ekranında kompüterlərdəki əməliyyat sistemini xatırladan istifadəçi interfeysi ortaya çıxır. Xarici klaviaturanı planşetə qoşaraq bu üsulla siz mini noutbook əldə etmiş olacaqsız. DeX rejimində Galaxy Tab S4-ü yalnız bir USB Type-C naqili vasitəsilə xarici monitora və ya televizora qoşmaq mümkündür. Bu halda stolüstü kompüter tamamilə əvəz olunur, planşetin özü isə sensorlu idarəetmə panelinə çevrilir.
Texniki göstəricilərə gəldikdə isə Galaxy Tab S4 2.35 GHz tezlikli 8 nüvəli Snapdragon 835 prosessoru, 4 GB RAM, 64 GB daxili yaddaş (400 GB-a kimi microSD dəstəyi), 13 MP-lik arxa kamera, 8 MP-lik ön kamera, sürətli enerji yığma özəllikli 7300 mAh enerji tutumlu batareya, S Pen stilusu və 4G LTE dəstəkli nano formatlı SIM kart girişi ilə təchiz olunub. Planşet Android 8.1 Oreo əməliyyat sistemi vasitəsilə çalışır. Beləliklə standart modelin qiyməti 649$, 256 GB daxili yaddaşa sahib versiyanın qiyməti isə 749$ təşkil edəcək. Ayrıca klaviaturanın qiyməti 150$ təşkil edəcək. Galaxy Tab S4 24 Avqust tarixindən satışa çıxacaq.
Bununla yanaşı Samsung şirkəti həmçinin Galaxy Tab A 10.5 adlı daha sadələşdirilmiş planşet modelini də təqdim edib. Bu planşet daha çox uşaqlar və ailə üçün nəzərdə tutulub. Bu planşet həm film izləmək həmdə evdəki məişət texnikasını idarə etmək üçün yarayır. Belə ki, planşet SmartThings platformasını dəstəkləyir. Sözügedən planşetin fərqləndirici özəlliklərindən biri də onun Kids Mode rejiminə sahib olmasıdır. Bu rejim sayəsində valideynlər öz uşaqlarının planşetlə nə qədər zaman keçirtdiklərini və onda hansı kontentlərə baxdıqlarını idarə edə biləcəklər. Kids Mode üçün xüsusi sadə interfeys yaradılıb. Həmin interfeys vasitəsilə hətta azyaşlı uşaqlar da planşet vasitəsilə əylənə və ya nəsə öyrənə bilərlər.
Həmin interfeys özündə uşaqlar üçün olan xüsusi brauzeri, Galaxy Apps for Kids adlı uşaqlar üçün olan tətbiq mağazasını və məşhur brendlərdən olan 8 pulsuz tətbiqi birləşdirir. Planşetdə olan xüsusi rejim vasitəsilə ailə üzvləri və uşaqlar üçün ayrı-ayrı online istifadəçi hesabları yaratmaq olar. Texniki göstəricilərə gəldikdə isə sözügedən planşet 10.5 inç LCD ekran, 1.8 GHz tezlikli 8 nüvəli Snapdragon 450 prosessoru, 3 GB RAM, 32 GB daxili yaddaş (400 GB-a kimi microSD dəstəyi), 8 MP-lik arxa kamera, 5 MP-lik ön kamera, sürətli enerji yığma özəllikli 7300 mAh enerji tutumlu batareya və 4G LTE dəstəkli nano formatlı SIM kart girişi ilə təchiz olunub. Planşet Android 8.1 Oreo əməliyyat sistemi vasitəsilə çalışır. Galaxy Tab A 10.5 24 Avqust tarixindən satışa çıxacaq və 330 avro qiymətində satılacaq.