SpaceX şirkətinin CEO-su Elon Musk şirkətin bir sıra top-menecerləri ilə birlikdə 60-a yaxın geoloq, astrobioloq və kosmik mühəndislər ilə gizli görüş keçirib. Həmin görüş çərçivəsində Mars planetinin kolonizasiyası planı barəsində müzakirələr aparılıb. Sözügedən görüşün iştirakçılarından görüş və görüşdə müzakirə olunmuş mövzuların gizli saxlanılması xahiş edilib. Görüş Kolorado Universitetinin aparıcı paleontoloji mərkəzlərindən birində təşkil edilib.
Həmin görüşdə NASA-dan olan mütəxəssislər və bir sıra məşhur alim də iştirak ediblər. Görüş çərçivəsində SpaceX təmsilçiləri tədqiqatçılar ilə öz Mars planeti kolonizasiyası planının müsbət və mənfi tərəflərini müzakirə ediblər. Əsasən söhbət, SpaceX şirkətinin Big Falcon Rocket raketinin imkanlarından, həyatın təmin olunması üçün lazımi texnologiyaların yaradılmasından və Mars planetində insan koloniyası üçün tikinti texnologiyalarından gedib.
Məlumata əsasən görüş iştirakçıları heç bir yekun nəticəyə gələ bilməyiblər. Lakin onlar bu cür görüşlərin mütəmadi keçirilməsinə razılıq veriblər. SpaceX-də və Kolorado Universitetində bu cür görüşün keçirilməsi təsdiqlənməsə də həmdə təkzib edilməyib. Qeyd etmək lazımdır ki, SpaceX şirkəti yaxın 4 il ərzində Mars planetinə 2 ədəd kosmik gəmi göndərməyi planlaşdırır. 2024-cü ilə kimi isə Mars planetinin səthinə ilk astronavtlar ayaq basmalıdırlar.