Google şirkəti Location History funksiyasının deaktiv edilməsi halında da bəzi vəziyyətlərdə istifadəçilərin yerləşdikləri yerlər barədə məlumatların yığıldığını təsdiqləyib. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə Associated Press saytı bu barədə tədqiqat aparmış və belə nəticəyə gəlmişdi ki, istifadəçi hətta Location History funksiyasını deaktiv etdikdə belə şirkətin axtarış sistemi və servisləri istifadəçinin yerləşdiyi yer barədə məlumatları yığır.
Daha öncədən şirkətin məlumatlarında qeyd olunmuşdu ki, sözügedən funksiyanın deaktiv olunması halında Google istifadəçinin yerləşdiyi yer barəsində məlumat yığmır. Associated Press saytı isə şirkətin bu bəndinin dəyişdiyinə fikir verib. İndi həmin bənddə qeyd olunub ki, istifadəçi hətta Location History funksiyasını deaktiv etsə də şirkətin Search və Maps kimi servisləri onun yerləşdiyi yer barədə məlumatları qeydə alır. “Biz Location History barədə izahatı yenilədik. Beləliklə həmin izahat istifadəçilər üçün anlaşılan və aydın olacaq” – deyə Google şirkəti bildirib.