Çindən hələ anonsu olunmamış iki Nokia smartfonu barəsində məlumatlar yayılıb. Belə ki, anonim mənbə Nokia 9 ilə Nokia X7 modellərinin fotolarını sosial şəbəkələrdə paylaşıb. Məlum olub ki, hər iki yeni Nokia modelində bir çox istifadəçiləri qıcıqlandıran məşhur özəllik olmayacaq. Artıq satışa çıxmış Nokia X5 ilə X6 modellərinin ekranlarının üzərində çıxıntı hissələr var. Güman olunurdu ki, Nokia X7 modeli də bu cür dizayna sahib olacaq. Lakin yayılmış fotolar bu ehtimalı təkzib edir.
Beləliklə Nokia X7 18:9 nisbətində böyük ekrana sahib olacaq və onda heç bir çıxıntı hissə olmayacaq. Həmin hal Nokia 9 flaqman modelinə də aiddir. Bundan əlavə olaraq Nokia 9-da 5 arxa Zeiss markalı kameranın olacağı da gözlənilir. Hələ ki, bu cür sayda kameranın nə üçün istifadə olunacağı və onların istifadəçiyə hansı çəkiliş özəlliklərinin təqdim edəcəyi barəsində heç bir məlumat yoxdur. Nokia X7-ə gəldikdə isə məlumdur ki, smartfon Snapdragon 710 prosessoru ilə təchiz olunacaq. Hər iki smartfonun təqdimat tarixi barəsində hələki heç bir məlumat yoxdur.