Məlumata əsasən Amazon şirkəti bu ilin sonuna kimi 10 mağaza, 2019-cu ildə metro stansiyaları yaxınlığında 50 mağaza, 2021-ci ilə kimi isə 3000 mağaza istifadəyə verməyi planlaşdırır. Amazon hal hazırda bu cür mağazaların formatları ilə təcrübələr aparır. Həmin mağazalarda adi məhsullardan əlavə olaraq hazır yeməklər də satılır. Qeyd etmək lazımdır ki, şirkət kassaların və işçilərin olmadığı ilk belə mağazanı bu ilin əvvəlində istifadəyə vermişdi. Mağazaya daxil olmaq üçün alıcı öz smartfonunda Amazon tətbiqinə daxil olaraq smartfonu turniketə yaxınlaşdırmalıdır.
Alıcı məhsulları birbaşa öz torbasına yerləşdirə bilər. Belə ki, mağazanın avtomatlaşdırılmış sistemi alıcını izləyir və onun seçdiyi məhsullar siyahısını virtual çekə daxil edir. Alıcı mağazadan çıxan zaman isə sistem əldə olunmuş məhsulları təyin edərək yekun məbləği alıcının Amazon hesabından çıxır. Hal hazırda Amazon Sietldə 3, Çikaqoda isə 1 belə mağazaya sahibdir. Məlumata əsasən birinci mağazanın tikilməsi zamanı təkcə avtomatlaşdırılmış təchizata 1 milyon dollara yaxın vəsait xərclənib. Əgər şirkət 3000 yeni mağazanı istifadəyə versə, o, ABŞ-ın ən böyük ticarət şəbəkələrindən birinə çevriləcək.