Huawei şirkətinin brendi olan Honor 6 İyun tarixinə Play adlı smartfonun təqdimatını təyin edib. Smartfonun təqdimatına hazırlanmış dəvətnamədə qeyd olunub ki, cihaz istifadəçiyə unikal 4D oyun təcrübəsini yaşadacaq. Bu barədə GSMArena saytı xəbər verib. Hələki məlum deyil ki, 4D oyun təcrübəsi dedikdə şirkət nəyi nəzərdə tutub. Bircə o məlumdur ki, bunun üçün süni zəka texnologiyasından istifadə olunacaq. Qeyd etmək lazımdır ki, əyləncə komplekslərində 4D termini əsasən kinoteatr zallarında istifadə olunur.
Belə ki, həmin kinoteatrlarda əsasən ekranın 3D effektindən istifadə olunur və əlavə effektlər sayəsində 4D mühit yaradılır. Əlavə effektlər dedikdə kinoteatr zalında dumanın, su damcılarının, küləyin və s. kimi effektlərin yaradılmasından söhbət gedir. Bununla yanaşı Honor Play adlı smartfonun texniki göstəriciləri barəsində məlumatlar da artıq məlumdur. Beləliklə smartfon 5.84 inç Full HD+ ekran, 4 GB RAM, 32/128 GB daxili yaddaş, 13 MP + 2 MP ikili arxa kamera və 16 MP-lik ön kamera ilə təchiz olunacaq.