Görünür, Instagram sonunda digər şəxslərin paylaşımlarını repost etməyə icazə verəcək. Hal hazırda bu funksiya şirkət daxilində test olunur. Instagram-da Regram düyməsi hələ keçən il aşkar edilmişdi. Lakin indiki repost sistemi bir qədər fərqlənir. Bu barədə The Verge saytı xəbər verib. “Ana səhifədə paylaşmaq” funksiyası bu və ya digər paylaşımın kontekst meyusunda əks olunur (paylaşımın yuxarı sağ hissəsindəki 3 nöqtə ilə işarə olunmuş menyusu).
The Verge saytı bu cür repostlara aid 2 foto əldə edib. Lakin onları paylaşmayıb. Saytın verdiyi məlumata əsasən həmin repostlardan biri məhsulun satış təklifi barəsində olub. Bundan da belə nəticəyə gəlmək olar ki, repost funksiyasını ilk olaraq kommersiya məqsədli Instagram səhifələri əldə edə bilərlər. Bundan əlavə olaraq The Verge bildirib ki, sözügedən funksiya hələ final versiyada deyil. Çox güman ki, funksiyanın hazırlanması hələki ilk səviyyələrdədir.
Qeyd etmək lazımdır ki, hal hazırda repost funksiyası yalnız Stories bölməsində çalışır. Lakin istifadəçi Stories paylaşımını yalnız o halda repost edə bilər ki, hansısa şəxs onu Stories paylaşımında tag etsin. Qeyd etmək lazımdır ki, Instagram-ın yaradıcıları dəfələrlə olmuş müsahibələrində repost funksiyasına şübhə ilə yanaşdıqlarını bildirmişdilər. Lakin repost etmək üçün nəzərdə tutulmuş çoxlu sayda kənar tətbiqlər onu göstərir ki, bu funksiyaya Instagram daxilində tələbat var.