loading...

İnternet insan tanışlıqlarını və münasibətlərini necə dəyişdi?



Tanışlıq üçün nəzərdə tutulmuş saytlar və tətbiqlər indiki dövrdə yüksək məşhurluq qazanıblar. İnsanlar demək olar ki, real həyatda tanışlıqdan imtina edib internetə üz tutublar. The Economist saytı internet dövründə tanışlıqlar ilə münasibətlərin necə dəyişdiklərini və dating servislərinin potensial partnyor axtarışında olan insanlar üzərindən necə vəsait qazandıqları barəsində məqalə yazıb. Həmin məqalənin qısaldılmış tərcüməsini sizlərə təqdim edirik. Personal reklam uzun illər ərzində qəzet biznesinin əsas məhsulu idi. İndi isə bu cür elanlar internetə keçid ediblər. Bu isə öz növbəsində insanlar arasındakı münasibətlərə öz təsirini göstərdi. Məlumata əsasən əvvəllər personal reklam ABŞ-dakı nikahların 1%-nə səbəb olurdu. Bugün isə ABŞ-dakı evli şəxslərin 1/3 hissəsi tanışlıq saytlarında tanış olublar. Artıq 2010-cu ildə internet, kilsələri, ofisləri, universitetləri və s. kimi yerləri keçərək potensial partnyor axtarışı üçün əsas yerə çevrildi. Barlar və restoranlar öz əvvəlki məşhurluqlarını itirdilər. Vəziyyət həmçinin eynicinsli cütlüklər üçün də dəyişdi. Belə ki, bu cür münasibətlərin 70%-i məhz internetdə yaranır. “Bu, potensial partnyor axtarışı prosesində böyük və misli görülməmiş bir addımdır” – deyə Nyu Meksiko Universitetinin sosioloqlarından biri bildirib.

Tarix boyu həyat üçün partnyor axtarışı insanların sinfi, cəmiyyətdə tutduqları yer və valideynlərin hökmü özəlliklərinin ətrafında cərəyan edirdi. XIX-XX əsrlərdə bu özəlliklər bir qədər zəiflədi (əsasən də qərbdə). Şəhər həyatı cavan insanların seçilməsi prosesini daha da genişləndirdi. Bununla belə kəndlərdən köç etmiş insanların qarşısında yeni bir problem dayandı: Səninlə kimin maraqlanıb-maraqlanmadığını necə öyrənmək olar? 1995-ci ildə ABŞ-da Match.com adlı dating servisi yaradıldı və bu servis həmin suala cavab verirdi. İlk öncə bu texnologiya homoseksuallar və geek-lər arasında sürətlə yayıldı. Daha sonra isə getdikcə məşhurlaşdı. İnsanlar daha çox internetdə tanış olmağa başladılar. 2010-cu ildən başlayaraq bu cür servislər stolüstü kompüter və noutbooklardan mobil telefonlara keçdilər. 2013-cü ildə isə Tinder adlı məşhur startap çox rahat həll üsulunu təqdim etdi. Belə ki, bu servis insanlara potensial partnyor seçimini bir barmaq hərəkəti ilə (swype) etməyi təklif etdi. Bu ideya insanlar arasında yüksək məşhurluq qazandı. Mobil cihazlar üçün olan bu cür servislər daha sürətli, özəl və ictimaidirlər. Sürətli o mənada ki, onlardan istənilən an istifadə etmək olar və onların vasitəsilə sizlərə yaxın ərazidə potensial partnyoru tapmaq olar. Daha özəl o mənada ki, mobil telefon sizin şəxsi əşyanızdır və o həmişə sizin yanınızda olur. Həmin səbəbə görə onlar həmdə ictimai xarakter daşıyırlar. İndiki zamanda bir çoxları ictimai nəqliyyatda fotolara baxmağı, potensial partnyorlar barəsində dostlarla dedi-qodu etməyi sevirlər. Vaxtı ikən görüşlər müəyyən yer və zaman üzrə limitli olurdular. İndi isə bu limitlər yoxdur.

Online tanışlıqlar müxtəlif ölkələrdə necə qarşılanır? Hamı heç də online tanışlıqları eyni şəkildə qarşılamır. Amerikalılar hamını geridə qoyurlar. Almanlar isə bu işdə bir qədər geriləyiblər. Öz övladları üçün gələcək həyat yoldaşlarını seçən ailələrin olduqları dövlətlərdə də bu cür servislər yüksək dərəcədə məşhurdurlar. Çində tanışlıq servisləri arasında ən böyüklərindən biri olan Tantan-ın CEO-su Yu Wang-un dediyinə görə Çində offline tanışlıq mədəniyyəti ümumiyyətlə yoxdur. “Əgər siz küçədə tanımadığınız adama tanışlıq niyyəti ilə yaxınlaşsanız, onda sizi alçaq hesa edəcəklər. Tantan-da isə rədd olunmaq təhlükəsi yoxdur. Siz öz üzünüzü itirə bilmərsiniz. Bu ilin Fevral ayında servisdə 20 milyon istifadəçi var idi. Servis sayəsində 10 milyonlarla yeni cütlük yarandı. O, cəmiyyətə ciddi şəkildə təsir edir.” – deyə Yu Wang bildirib. Təəssüflər olsun ki, əhəmiyyətlilik səviyyəsini təyin və ya analiz etmək qeyri-mümkündür. Şirkət yığdığı məlumatları çox nadir hallarda paylaşır. Bütün dünya üzrə tanışlıq tətbiqlərinin bazarı 4.6 milyard dollar təşkil edir. İldən ilə bu bazar daha da böyüyür və rəqabətcil olur. Tinder və ona bənzər digər biznesləri idarə edən Match Group şirkətinin 2017-ci il üzrə gəliri 1.3 milyard dollar təşkil etmişdi. Məhz bu qədər vəsaiti ABŞ-da qoruyucu satan şirkətlər əldə edirlər. Tinder-də ödənişli istifadəçilərin sayı isə 3.8 milyondur.

Bazarda lider olaraq Tinder qalsa da digərləri də geridə qalmamağa çalışırlar. Buna misal olaraq Tinder-in keçmiş yaradıcılarından birinin təsis etdiyi Bumble şirkətini gətirmək olar. Ona məşhur Badoo servisi aiddir. Facebook da bu mövzuda oyuna qoşulmağa hazırlaşır. Tanışlıqlar üçün olan servislərin üstünlüklərini ən çox potensial partnyor axtarışında çətinlik çəkən insanlar (fiziki və ya sosioliji izolasiya səbəbilə) hiss edirlər. İnternet həmçinin eynicinsli partnyorların axtarış prosesini də sadələşdirdi. Belə ki, bir çox ölkələrdə bu cür münasibətlər ya qeyri-qanunidir yada sosial baxımdan yolverilməzdir. İndi isə bu daha təhlükəsiz və rahatdır. İnternet, cinsi əlaqəyə və digər şeylərə ümumi və ya spesifik baxış nöqtələri olan insan qruplarını birləşdirir. Belə ki, bir dəfəyə bir neçə potensial partnyor tapmağa imkan verən saytlar da var. Elə saytlar var ki, romantik partnyor olmadan uşağa qayğı göstərəcək kişi axtaran qadınlar üçün saytlar da var. Həmçinin xristianlar, yəhudilər, müsəlmanlar və digər göstəricilərə görə fərqlənən insanlar üçün servislər fəaliyyət göstərirlər. Bu imkanların insanları nə dərəcədə xoşbəxt etdiklərini söyləmək isə qeyri-mümkündür.

“2013-cü ildə Harvard və Çikaqo Universitetlərinin alimlərinin apardıqları tədqiqatlar nəticəsində məlum oldu ki, intenetdə tanış olmuş cütlüklər real həyatda tanış olmuş cütlüklərdən fərqli olaraq daha nadir hallarda ayrılırlar”. İnternetdə öz həyat yoldaşlarını tapmış təqribi olaraq 1 milyon ABŞ sakini daha dözümlü və etibarlı münasibətlər qurmağı bacarıblar. Həqiqətən də öz həyat yoldaşları ilə internetdə tanış olmuş şəxslər yaxşı münasibət keyfiyyətindən xəbər veriblər. Bu cür yaranmış münasibətlərin ailə həyatlarının ilk 1 ilindən sonrakı ayrılıq hadisələri isə aşağı düşüb. Bundan əlavə olaraq məlumata əsasən internetdə yaranmış geteroseksual münasibətlər sürətli şəkildə evliliyə yol açır. Hər şey məntiqlidir. Real həyatda biz müəyyən mənada bizə bənzəyən insanlarla tanış oluruq. Məsələn bizim ortaq dostlarımız var və ya eyni ofisdə çalışırıq. Lakin online şəkildə biz eyni maraqlara sahib tanımadığımız insanlarla tanış oluruq. Bumble şirkətinin sosioloqunun fikrincə bu daha önəmli xarakter daşıyır. Çox zaman internetdə insanlar eyni dini baxışlara sahib potensial partnyorlar axtarırlar. Təhsil səviyyəsi və yaş da vacib rol oynayır.

Miçiqan Universitetinin tədqiqatçıları ən böyük tanışlıq servislərindən birindəki yazışmalar üzrə istifadəçilərin daha çox kimlərə üstünlük verdiklərini təyin edə biliblər. “Əsasən 18 və ya daha yuxarı yaş qızlara yazırlar. Lakin yaşın artması ilə onların saytlardakı cazibələri aşağı düşür. Kişilər ilə vəziyyət daha fərqlidir. Onların cazibəliyi 50 yaşa kimi artır. 50 yaşdan yuxarı göstəricidə isə bu özəllik azalır. Aspiranturanı bitirmiş kişilər qadınların arasında məşhurdurlar. Dissertasiyanı müdafiə etmiş qızlar isə əksinə kişilərə o qədər də maraqlı olmurlar” – deyə tədqiqatda bildirilib. Bütün bu ümumiləşdirmələr gözlənilən və bir qədər kədərlidir. Bununla belə bu trenddir və istifadəçilərə konkret nəticələr lazımdır. Əsas ideya insanla tanış olmaq deyil, düzgün insanı tapmaqdadır. Bir çox istifadəçilər online dünyanın təqdim etdiyi geniş seçimlərə sevinsələr də, mənfi cəhətlərini də hiss edirlər. The Economist saytı tərəfindən aparılmış sorğuda iştirak etmiş insanlar bildiriblər ki, onlar servislərdəki fotolara baxmaqdan və uğursuz görüşlərə getməkdən yorulublar. Bir çox insan özünü yalnız hiss edir. İnternetdən qabaq tanışlıq sosial məşğuliyyət idi. İnsanlar öz dostları ilə içmək və yaxşı zaman keçirtmək üçün barlara gedərdilər. İndi isə buna ehtiyac yoxdur. Buna baxmayaraq yeni servislər öz istifadəçilərini xoşbəxt etmək üçün üsullar axtarırlar.

Məsələn bu ilin İyun ayında Match Group şirkəti tərəfindən alınmış məşhur Hinge adlı tətbiq qeydiyyat zamanı istifadəçilərdən 3 qısa suala cavab verməyi tələb edir. Bu üsulla tətbiq potensial partnyorlara danışıq üçün səbəb təqdim edir. Luna adlı tətbiq isə öz istifadəçilərini düzgün etiket qaydaları müqabilində Stars adlı valyuta ilə mükafatlandırır. Həmin valyuta vasitəsilə istifadəçilər digər məşhur istifadəçilərə mesaj göndərə, valyutanı real pula çevirə və ya xeyriyyəçiliyə bağışlaya bilərlər. Servisin yaradıcıları ümid edirlər ki, bu üsulla onların biznes məqsədləri istifadəçilərin özəl məqsədləri ilə üst-üstə düşəcək. Bununla yanaşı digər problemlər də var. Məsələn Tantan servisinin CEO-su qorxur ki, müştərilərin 5%-i ümumiyyətlə heç zaman potensial partnyor tapa bilməyəcək. Baxmayaraq ki, onlar gün ərzində yetəri qədər istifadəçi fotolarına baxırlar. “Tətbiqdəki kişilərə qadınların 60%-i xoş gəlir. Qadınlara isə kişilərin yalnız 6%-i xoş gəlir. Ən az cəlbedən qadınlar ən yüksək cəlbedən kişilərə göstərilən diqqəti əldə edirlər” – deyə servisin CEO-su bildirib. Aşağı reytinqə sahib olan kişilər potensial partnyor tapa bilmirlər.

Saytın statistikasına əsasən ümumilikdə qadınlar və kişilər özlərindən 25% daha cəlbedici istifadəçilərə diqqət yetirirlər. Bu hətta ən az cəlbedici qadınlar üçün də çalışır. Lakin ən az cəlbedici kişilər üçün isə heçnə çalışmır. Tantan servisinin CEO-nun fikrincə yerdə qalan 5%-ə yardım etmək heç də asan olmayacaq. Lakin o buna cəhd edəcək. Tantan, istifadəçilərin fotolarını, hesablarındakı məlumatları, bioqrafiyalarındakı detalları, mesajları və s. kimi məlumatları öz alqoritminin təkmilləşdirilməsi üçün istifadə edir. Beləliklə həmin alqoritm təkcə bir-birinə simpatiya bəsləyən insanları deyil, həmdə ilk baxışdan maraqlı həmsöhbət insanları da bir araya toplayacaq. “Beautiful Mind” filmində çox maraqlı bir səhnə var. Riyaziyyatçı John Nash öz dostlarına bardan potensial partnyor ilə ayrılmaq mövzusunda məsləhət verir. Hər bir oğlan qrupda olan ən az cazibəli qızlara yaxınlaşmalıdır. Oğlanların hamısı ən cazibəli qızla birdən tanış olmamalıdırlar. Əgər bütün oğlanlar birdən ən cazibəli qadına yaxınlaşıb ondan “yox” cavabı alsalar, onda onlar əlavə variant kimi ən az cazibəli qadınlara yaxınlaşacaqlar. Lakin həmin qadınlar da oğlanlara “yox” cavabı verəcəklər. Oyunlar nəzəriyyəsində Nash tarazlığının nə olduğunu bilənlər üçün filmdən olan bu səhnə çox qıcıqlandırıcı gəlir.

Lakin həmin səhnə Tantan servisinin CEO-nu ilhamlandırdı. Beləliklə o, bazardakı bütün məlumatları hər bir insan üçün uyğun partnyorun təqdim olunmasında istifadə etməyi düşünür. Əgər o bunu etməyi bacarsa Tantan çox böyük üstünlük əldə edəcək. Bəli, böyük üstünlüyü yüksək istifadəçi kütləsinə sahib tətbiqlər əldə edirlər. Lakin bunu da dəyişmək olar. Bir çox istifadəçilər bir neçə fərqli tətbiqdən istifadə edirlər. Əgər bir istifadəçi görsə ki, hansısa tətbiq ona daha yaxşı partnyorlar təqdim edir, onda o, digər tətbiqlərdən istifadəni dayandıracaq və uğurlu tətbiq barəsində öz dostlarına danışacaq. Romantikanı rəqəmlərin hesablanmasına aid etmək bir qədər nankorluq hesab oluna bilər. Lakin insan nöqteyi nəzərdən qəliz görünən fenomenlərə bitərəfli məlumatlar prizmasından baxanda onlar sadə görünürlər. Əsas olan bunu yaxşı edə biləcək məlumatları aşkar etməkdir. Bu barədə isə şirkətlər rəqabət aparmalı olacaqlar. Bu nə olacaq? İlk görüşdə ürək döyüntülərini təyin etməyi bacaran ağıllı saat? İlk görüş zamanı keçirilmiş vaxtın miqdarı? Evə qayıdan zaman buraxılmış metro stansiyaları? Bunun nə olacağından asılı olmayaraq sevgi hər zaman sözlə ifadə edilməsi mümkün olmayan bir hiss olaraq qalacaq və onun yolunda bir çox çətinliklər olacaq. Lakin bir anlığa təsəvvür edin ki, bu yolda istiqamətlənmənin sadələşməsi nəticəsində nə qədər insan xoşbəxt ola bilər.





Detallı məlumat

Statistika
Xəbərlər: 7322
+0

Rəylər: 13317
+0

İstifadəçilər: 48505
+1


Qrup üzrə:
Adminlər: 7
Redaktorlar: 1
Jurnalistlər: 0
Təsdiqlənmiş istifadəçilər: 0
İstifadəçilər: 48496

Vaxt üzrə:
Bu gün: 1
Dünən: 5
Həftə ərzində: 20
Ay ərzində: 65

Qeyd: E-mail hesabları hazırda işlək olmayan istifadəçilərin hesabları hissə-hissə olaraq silinəcək. Təxmini hesablamalara görə 60 mindən çox qeydiyyatlı istifadəçinin 20-30 mini saytımızdan silinəcək.
Biz sosial şəbəkələrdə
Sayğaclar